Az | EN

Belçikalı 15 yaşlı yeniyetmə kvant fizikası üzrə doktorluq dərəcəsi qazanıb

Nigar Sultanli
01 Dekabr 2025 16:12
60 baxış
Belçikalı 15 yaşlı yeniyetmə kvant fizikası üzrə doktorluq dərəcəsi qazanıb

"Belçikanın kiçik Eynşteyni" ləqəbi ilə tanınan 15 yaşlı Laurent Simons Antverpen Universitetində kvant fizikası üzrə dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru (PhD) dərəcəsini qazanıb.

Laurentin təhsil yolu heyrətamiz sürətlə inkişaf edib. O, ibtidai məktəbə 4 yaşında başlayıb və cəmi 6 yaşında təhsilini tamamlayıb. 12 yaşında isə qara dəlikləri araşdıraraq kvant fizikası üzrə magistr dərəcəsinə yiyələnib. Mütəxəssislər onun fotoqrafik yaddaşa və 145 IQ göstəricisinə sahib olduğunu bildirirlər ki, bu nəticəyə insanların yalnız 0,1%-i nail olur.

Gənc alimin uğurları təkcə fizika ilə məhdudlaşmır. 11 yaşında nənə və babasını itirdikdən sonra Laurent qarşısına daha iddialı məqsəd qoyub: ölümsüzlük və ya  insan ömrünü maksimal uzatmaq. O, gələcəkdə tibb elmini öyrənməyi planlaşdırır və bu kəşfləri özü üçün deyil, bəşəriyyət üçün etmək istədiyini vurğulayır.

Tarixə nəzər saldıqda, Ginnesin Rekordlar Kitabına görə ən gənc doktorluq dərəcəsi alan şəxs 1814-cü ildə 13 yaşında bu titula yiyələnən almaniyalı Karl Vittedir. Lakin fizika sahəsində Laurentin bu yaşda doktorluq dərəcəsi alması onu dünyanın ən gənc fizika alimlərindən birinə çevirir.

ABŞ və Çinin texnologiya şirkətləri artıq gənc dahini öz tədqiqat mərkəzlərinə dəvət etsələr də, "The Brussels Times"ın məlumatına görə, valideynləri hələlik bütün təklifləri rədd ediblər. Atası oğlunun həm elmi karyerasına, həm də uşaqlığını yaşamasına diqqət yetirdiklərini qeyd edib: "İki Laurent var: biri alim, digəri isə uşaq".

© copyright 2022 | tech.az | info@tech.az