Az | EN

Çində robotaksi xidmətinin fasiləsiz sınaqları başlayıb

Cəmil Hüseynzadə
03 Dekabr 2025 11:20
61 baxış
Çində robotaksi xidmətinin fasiləsiz sınaqları başlayıb

Çinin Quanqjou şəhərində sürücüsüz robotaksilərin sutkalıq sınaqları istifadəyə verilib. Didi Autonomous Driving şirkəti 1 dekabrdan etibarən şəhərin bəzi zonalarında robotaksi xidmətini test etməyə başlayıb. İstifadəçilər Didi tətbiqi vasitəsilə “sürücüsüz səfər” bron edə bilirlər.

Sınaq zonasına Quanqjounun mərkəzi rayonları, metro stansiyaları, məktəblər, ticarət mərkəzləri, ofislər və yaşayış binaları daxildir.

Məlumata görə, sistem nəqliyyat vasitələrini eniş-biniş nöqtələri, yol şəraiti, məsafə və tələbat kimi amillərə əsasən seçir. Taksi sifarişi zamanı istifadəçilərə iki seçim təklif olunur: tam avtonom nəqliyyat vasitəsi və ya adi taksi çağırışı.

Şəhərdə “ağıllı infrastruktur”a 1 milyard yuanı (240 milyon manat) aşan investisiya yatırıldığı bildirilir. Yollar boyunca quraşdırılmış sensorlar və hesablama bloklarını istehsal edən şirkətlər dövlət tenderlərində iştirak edə bilirlər. Eyni imkanlar 5G avadanlığı və işıqfor nəzarət sistemləri istehsalçılarına da şamil olunur. Növbəti mərhələdə gecə vaxtı xidmət üçün daha güclü yol sensorları və nəqliyyat vasitələrinin koordinasiyası tələb olunacağı qeyd edilir.

© copyright 2022 | tech.az | info@tech.az