İflas etmiş FTX kriptobirjasının qurucusu Sem Benkman-Frid ABŞ Prezidenti Donald Trampa əfv olunması ilə bağlı müraciət edib.
Bloomberg-in məlumatına görə, müraciətin daxil olduğunu ABŞ Ədliyyə Nazirliyi təsdiqləyib. Benkman-Frid özü də Fox Business telekanalına müsahibəsində əfv almaq istədiyini açıqlayıb.
Məlumata əsasən, o, son dövrlərdə sosial şəbəkələrdə və mühafizəkar mediada Trampın qərarlarını dəstəkləyən çıxışlar edir.
FTX 2022-ci ilin noyabrında ABŞ-da müflis olduğunu elan edib. Həmin vaxt şirkətə təyin olunan idarəçi korporativ nəzarətin ciddi şəkildə pozulduğunu və maliyyə sənədlərinin demək olar ki, olmadığını bildirmişdi. ABŞ mediası birjadan ən azı 1 milyard dollar vəsaitin itdiyini yazıb.
Sem Benkman-Frid 2024-cü ilin martında dələduzluq və cinayət əlaqəsində təqsirli bilinərək 25 il müddətinə azadlıqdan məhrum edilib. O, 2026-cı ilin fevralında hökmün yenidən nəzərdən keçirilməsi üçün apellyasiya şikayəti də verib.
