Google şirkəti Avstraliyada rəqabət qaydalarını pozduğu üçün 55 milyon dolları məbləğində cərimələnib. Federal Məhkəmə Avstraliya Rəqabət və İstehlakçı Komissiyası ilə şirkət arasında razılaşdırılmış cərimə qərarını təsdiq edib.
Araşdırmalar nəticəsində məlum olub ki, 2019-cu ilin dekabrından 2021-ci ilin martına qədər Google yerli mobil operatorlar olan Telstra və Optus ilə xüsusi razılaşmalar əldə edib. Bu müqavilələrə əsasən, həmin operatorların satdığı Android əməliyyat sistemli telefonlarda yalnız Google axtarış sistemi əvvəlcədən quraşdırılmış halda təqdim olunub. Bunun müqabilində isə mobil operatorlar Google reklam gəlirlərindən pay alıblar.
Google məhkəmə prosesində bu davranışını etiraf edib və tənzimləyici orqanla əməkdaşlıq edib. Digər tərəflər – Telstra, Optus və TPG şirkətləri isə daha əvvəl komissiya qarşısında müvafiq öhdəliklər götürdükləri üçün bu məhkəmə işinə daxil edilməyiblər.
Bu qərar Avstraliya bazarında yeni imkanlar yaradır. Bing, DuckDuckGo və Yahoo kimi alternativ axtarış sistemləri artıq yerli operatorlarla əməkdaşlıq edə biləcəklər. Android cihaz istehsalçıları və mobil operatorlar artıq hər model üçün fərqli axtarış sistemini standart olaraq təyin etmək hüququna malikdirlər. Əvvəllər Google tərəfindən tətbiq edilən eksklüziv müqavilələr buna mane olurdu.
Qeyd edək ki, Avstraliyadakı bu proses Avropa İttifaqının tətbiq etdiyi təcrübədən bir qədər fərqlənir. Avropada istifadəçilərə cihazı ilk dəfə qurarkən axtarış sistemi seçmək imkanı verən məcburi seçim ekranı tətbiq edilir. Avstraliyada isə hələlik belə bir ekranın məcburi olub-olmayacağı dəqiq deyil.
