Az | EN

Nvidia avtonom avtomobillər üçün yeni süni intellekt modelini təqdim edib

Nigar Sultanli
02 Dekabr 2025 16:00
392 baxış
Nvidia avtonom avtomobillər üçün yeni süni intellekt modelini təqdim edib

Nvidia şirkəti Kaliforniyada keçirilən "NeurIPS" konfransında avtonom avtomobillər və robotlar üçün nəzərdə tutulmuş yeni süni intellekt modelini – Alpamayo-R1-i təqdim edib. Bu yenilik şirkətin fiziki süni intellekt texnologiyalarını inkişaf etdirmək strategiyasının bir hissəsidir.

Yeni model Nvidia-nın cavab verməzdən əvvəl "düşünən" (reasoning) Cosmos-Reason arxitekturasına əsaslanır. Alpamayo-R1 həm mətnləri, həm də görüntüləri eyni anda emal etmək qabiliyyətinə malikdir. Bu, avtomobillərə ətraf mühiti daha dəqiq görmək və gördükləri əsasında düzgün qərarlar qəbul etmək imkanı verir.

Şirkət hesab edir ki, bu cür məntiq yürütmə modelləri avtonom nəqliyyat vasitələrinə insana xas "sağlam düşüncə" qazandıracaq. Bu isə xüsusilə 4-cü səviyyəli (tam sərbəst) avtonom idarəetməyə keçmək istəyən şirkətlər üçün həyati əhəmiyyət daşıyır.

Yeni model artıq GitHub və Hugging Face platformalarında proqramçılar üçün əlçatan edilib. Bundan əlavə, Nvidia tərtibatçıların işini asanlaşdırmaq üçün "Cosmos Cookbook" adlı yeni təlimatlar toplusunu da təqdim edib. Bu vəsait məlumatların tənzimlənməsi, süni verilənlərin yaradılması və modellərin qiymətləndirilməsi kimi texniki prosesləri əhatə edir.

© copyright 2022 | tech.az | info@tech.az