Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi 2026-cı ilin sentyabrından etibarən mobil operatorların xaricdən SİM kart almasını qadağan edən yeni layihə hazırlayıb. Sənədə əsasən, operatorlar gələcəkdə yalnız ölkə daxilində istehsal olunan, yerli əməliyyat sistemi və kriptoqrafik açarlarla təchiz edilmiş kartlardan istifadə etməlidirlər. Bununla belə, keçid dövründə operatorlara anbarlarında mövcud olan xarici ehtiyatlar tam bitənə qədər onlardan istifadə etməyə icazə veriləcək.
Layihənin reallaşdırılmasında əsas maneə kimi texniki təchizat məsələsi göstərilir. Hazırda kütləvi istifadə üçün nəzərdə tutulan yerli çiplər mövcud deyil və istehsalçılar daha ucuz başa gəldiyi üçün xarici detallara üstünlük verirlər. Bazar ekspertləri 2026-cı ilə qədər tam yerli istehsala keçidin reallığına şübhə ilə yanaşırlar. Bundan əlavə, Federal Təhlükəsizlik Xidməti 5G şəbəkələrində yalnız Rusiya kriptoqrafiyasını dəstəkləyən kartların istifadəsini tələb edir ki, bu da xarici istehsalçıların bazardan çıxarılmasını qaçılmaz edir.
