Az | EN

Telegram dizayn müsabiqəsi keçirir - 50 min dollar mükafat!

Nigar Sultanli
02 Dekabr 2025 14:33
365 baxış
Telegram dizayn müsabiqəsi keçirir - 50 min dollar mükafat!

Telegram messencerin tətbiqin strukturunu tamamilə yeniləyəcək "Telegram Nodes" layihəsini elan edib. Bu yenilik sadəcə xırda bir funksiya deyil, faktiki olaraq platforma daxilində müstəqil işçi fəzaların yaradılmasını nəzərdə tutur. Şirkət bu sistemin vizual həllini və istifadəçi interfeysini formalaşdırmaq üçün "Design Contest 2025" dizayn müsabiqəsinə start verib.

Yeni "Nodes" sistemi Telegram-ın iş prinsipini Discord və Slack kimi platformalara bənzədəcək. Konseptə əsasən, istifadəçilər artıq bütün çatları bir siyahıda görmək məcburiyyətində qalmayacaq, şəxsi yazışmaları ilə iş və ya icma fəaliyyətlərini bir-birindən tamamilə ayıra biləcəklər. Hər bir "Node" ayrıca bir virtual məkan kimi fəaliyyət göstərəcək və onun daxilində özünəməxsus çatlar, səsli otaqlar və video konfrans bölmələri yerləşəcək. Bu fəzalar arasında sürətli keçid etmək üçün tətbiqin sol tərəfində xüsusi yan menyunun yaradılması planlaşdırılır.

Funksiyanın ən diqqətçəkən xüsusiyyəti rəqəmsal kimliyin fərdiləşdirilməsi imkanıdır. İstifadəçilər daxil olduqları hər bir fəza üçün əsas hesablarından fərqli profil şəkli, ad və bioqrafiya təyin edə biləcəklər. Məsələn, istifadəçi işlə bağlı fəzada rəsmi, dostlar qrupunda isə tamamilə fərqli bir profillə görünə biləcək. Bununla yanaşı, hər bir fəzanın idarə edilməsi üçün dərinləşdirilmiş admin paneli və müxtəlif istifadəçi rollarının tətbiqi nəzərdə tutulur.

Bu ambisiyalı layihəni həyata keçirmək üçün elan edilən müsabiqədə iştirakçılardan həm iOS, həm də Android sistemləri üçün ən rahat interfeys təkliflərini hazırlamaq tələb olunur. Ümumi mükafat fondu 50 min dollardan çox olan yarışmaya işlərin qəbulu 2025-ci ilin dekabrın 15-nə qədər davam edəcək. Qaliblər pul mükafatı ilə yanaşı, həm də Telegram-ın dizayn komandasına qoşulmaq şansı əldə edəcəklər.

© copyright 2022 | tech.az | info@tech.az