Türkiyənin ən böyük fintex şirkətlərindən olan Papara-nın elektron pul təşkilatı kimi fəaliyyət göstərmə icazəsi Türkiyə Cümhuriyyət Mərkəzi Bankı tərəfindən ləğv edilib.
TCMB-nin Papara ilə bağlı lisenziyanın ləğvi barədə qərarı 31 oktyabr 2025-ci il tarixli “Rəsmi Qəzet”də dərc olunub. Qərarın tarixinin isə 30 oktyabr 2025-ci il olduğu bildirilir.
Qəbul edilən qərara əsasən, şirkətin elektron pul təşkilatı kimi fəaliyyət göstərmək və elektron pul buraxmaq səlahiyyətinə 6493 saylı "Ödəmə və Qiymətli Kağızlar Mübadilə Sistemləri, Ödəmə Xidmətləri və Elektron Pul Təşkilatları Haqqında" Qanunun müvafiq maddələri (16-cı maddənin birinci hissəsinin (ç) və (e) bəndləri və 19-cu maddə) çərçivəsində xitam verilib.
Papara verdiyi rəsmi açıqlamada əməliyyatların dayandırıldığını, lakin istifadəçi balanslarının mövcud qanunvericiliyə uyğun olaraq qoruma hesablarında zəmanət altında saxlandığını bildirib. Həmçinin, bu qərarın qrupa daxil olan digər şirkətlərə şamil edilmədiyi qeyd olunub.
