İnternet axtarış sistemi Google rəqəmsal reklamda rəqabətə zidd davranışlarda ittiham olunur. Nəhəng şirkət növbəti dəfə “antiinhisar” iddiası ilə üzləşib.
ABŞ Ədliyyə Nazirliyi 8 ştatın baş prokuroru ilə birlikdə şirkətin rəqəmsal reklam sənayesindəki üstünlüyünün rəqabətə zərər verdiyini iddia edərək məhkəməyə verib.
Belə ki, Google çoxlu sayda rəqəmsal reklam texnologiyası məhsullarını inhisara almaqda, sənayedəki fəaliyyətində hər hansı təhlükəni aradan qaldırmaqda rəqabətə zidd və qeyri-qanuni üsullardan istifadə etməkdə ittiham edilir. İddianın məqsədinin rəqəmsal reklam bazarında rəqabəti bərpa etmək olduğu açıqlanıb.
Onu da vurğulayaq ki, ABŞ Ədliyyə Nazirliyi 2020-ci ildə də Google-a qarşı antiinhisar iddiası qaldırmışdı.