Alman şirkəti ildə 400 uçan taksi istehsal etməyi planlaşdırır

Bənövşə Kazımova
29 Sentyabr 2022 15:47
34 baxış
Alman şirkəti ildə 400 uçan taksi istehsal etməyi planlaşdırır

Alman hava taksi istehsalçısı Lilium Air Mobility ildə təxminən 400 elektriklə işləyən uçan taksi - Lilium Jet istehsal etməyi planlaşdırır. Twitter-in həmtəsisçisi Ev Uilyams, Tencent və Skype-ın həmtəsisçisi Niklas Zennstrom və bir neçə startap tərəfindən maliyyələşdirilən Lilium 2019-cu ildə elektrikli uçan hava taksisini sınaqdan keçirib.

Sertifikat almaq və digər maliyyə problemləri ilə üzləşdiyi üçün bu il şirkətin səhmləri 73 faiz ucuzlaşıb. Bununla belə, alman şirkəti 2025-ci ilə qədər uçan nəqliyyat vasitələri ilə səyahəti reallaşdıra biləcəyini və ABŞ-ın Florida ştatında obyekt qurmaq istədiyini bildirib. Şirkətin məqsədi ölkə daxilində ekoloji cəhətdən təmiz regional nəqliyyat şəbəkəsi yaratmaqdır.

Ümumilikdə 36 reaktiv mühərrikə malik olan uçan taksi saatda 300 kilometr sürətə çata bilir və tam doldurulmuş batareya ilə cəmi 1 saat uça bilir. Unikal qanad dizaynı sayəsində uçuş zamanı maksimum gücünün yalnız 10%-ni istifadə edən cihaz ümumilikdə 5 sərnişin daşımaq qabiliyyətinə malikdir.

© copyright 2022 | tech.az | info@tech.az