Apple 2024-cü ilə qədər məhsullarında USB-C bağlantısına keçəcək

Bənövşə Kazımova
10 Oktyabr 2022 15:30
148 baxış
Apple 2024-cü ilə qədər məhsullarında USB-C bağlantısına keçəcək

Daha əvvəl də qeyd etdiyimiz kimi, aylarla davam edən prosedurlardan sonra Avropa Parlamenti, nəhayət, USB-C qanununu qəbul edib. Apple şirkəti də digər şirkətlər kimi yeni qanuna uyğun olaraq bir çox məhsulunu yeniləyəcək.

Demək olar ki, hələ də iPhone cihazlarında USB 2 əsaslı Lightning texnologiyasından istifadə edən şirkət 2024-cü ilə qədər USB-C bağlantısına keçməli olacaq. Bu istiqamətdə Apple bir çox məhsullarını yeniləməyə hazırlaşır.

Apple-la bağlı hər zaman verdiyi məlumatlarla tanınan Mark Qurman şirkətin USB-C planlarından danışıb. Qurmanın sözlərinə görə, Apple 2023-cü ildə təqdim edəcəyi iPhone 15 modelləri və iPad-lərdə USB-C portunu daxil edəcək. Bundan əlavə, 2024-cü ilin mart ayında təqdim edilməsi gölənilən iPhone SE-də çox güman ki, Lightning portu olacaq, lakin ondan sonra gələn iPhone SE modellərində USB-C bağlantısı olacaq. Bundan əlavə, Magic Mouse Magic Keyboard, Magic Trackpad aksesuarları da yenilənəcək. Bu aksesuarların yeni iMac və ya Mac Pro ilə təqdim ediləcəyi gözlənilir. Önümüzdəki illərdə AirPods məhsullarında da USB-C portu olacağı ehtimal olunur.

Qurman onu da əlavə edib ki, Apple USB-C portundan keçid kimi istifadə edəcək. Yaxın gələcəkdə şirkətin simsiz enerji doldurma və şəbəkə texnologiyalarına keçməsi gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az