Apple TikTok videosuna görə vitse-prezidentini işdən qovub

Cəmil Hüseynzadə
30 Sentyabr 2022 18:56
48 baxış
Apple TikTok videosuna görə vitse-prezidentini işdən qovub

Sentyabrın 5-də yayımlanan videoda Apple şirkətindən Toni Blevinsə bloqqer Daniel Mak müraciət edərək bahalı avtomobil sahiblərindən peşələrini soruşub. İcraçı yüz minlərlə dollara başa gələn artıq istehsalı dayanmış idman avtomobili olan Mercedes-Benz SLR McLaren-i park edərkən Mak tərəfindən videosu çəkilib. 

Bloqqer videoda ondan yaşamaq üçün nə etdiyini soruşduqda, Blevins "Mənim bahalı avtomobillərim var, qolf oynayıram və iri sinəli qadınları oxşayıram, lakin həftə sonları və böyük bayramlarda istirahət edirəm" deyib. 

Blevins Apple-ın satınalmalar üzrə vitse-prezidentidir və tədarükçülər və tərəfdaşlarla sövdələşmələrə cavabdehdir. O, bu yaxınlarda şirkətin Globalstar Inc. ilə peyk müqaviləsi üzərində işləyib, Qualcomm Inc. və Intel Corp. ilə mobil modemlər üzrə danışıqlara rəhbərlik edib və Apple-ın mobil cihazlarına daxil olan bir çox vacib hissələrin xərclərinin aşağı salınmasına nail olub. Apple-ın 22 illik əməkdaşı Blevins Bloomberg-ə hadisəni təsdiqləyərək, qarşılaşmanın avqustun 18-də baş verdiyini söyləyib. “Mən fürsətdən istifadə edərək, mənim səhv yumor cəhdimdən inciyən hər kəsdən səmimi şəkildə üzr istəmək istərdim” deyib.

Blevins Apple-da təxminən 100 nəfərlik vitse-prezidentlər qrupunun bir hissəsidir və baş icraçı direktor Tim Kuka və əməliyyatlar üzrə baş direktor Cef Uilliamsa hesabat verən 30 idarəçidən biridir. 

TikTok videosu Blevinsin keçən ay Kaliforniyanın Pebble Beach şəhərində qatıldığı avtomobil şousunda çəkilib. Onun 25 saniyəlik videodakı sözləri 1981-ci ildə çəkilmiş Artur filmindən replikaya istinad edir, filmdə baş qəhrəman Artur Bax öz karyerasını belə təsvir edir: “Mən maşınlarla yarışıram, tennis oynayıram və qadınları oxşayıram, amma həftə sonları istirahət edirəm və özüm öz müdiriməm.” Video TikTokda isə 1,3 milyon baxış toplayıb.

Video yayımlandıqdan sonra şirkət daxilində rezonans doğurub və bir çox işçi insan resusursları departamentinə bununla bağlı şikayətlər edib. Apple-da qadın işçilərinin hüququnun qorunması və işçilər arasında ədalətin saxlanılmasına görə şirkət belə bir ciddi addım atmalı olub.

Blevinsin gedişi Apple-da bir boşluq yaradır. Onunun işindən xəbəri olan əməkdaşların fikrincə, o, Apple şirkətinə mənfəət marjasını böyütməkdə və rəqiblərindən əvvəl əsas texnologiyalara çıxış əldə etməkdə kömək edərək, son iki onillikdə şirkətin uğurunun ayrılmaz hissəsi olub. Onların sözlərinə görə, Apple-ın tədarük zəncirini başa düşməsini və danışıqlar aparmaq bacarığını nəzərə alsaq, onu əvəz etmək çətin ola bilər.

© copyright 2022 | tech.az | info@tech.az