Apple Watch Series 8 təqdim edildi

Səbinə Eyvazova
07 Sentyabr 2022 22:43
94 baxış
Apple Watch Series 8 təqdim edildi

Apple bu gün keçirdiyi tədbirdə yeni Apple Watch Series 8-i təqdim edib.

Watch Series 7 modellərində çox dəyişiklik etməyən Apple yeni modellərində müxtəlif yeniliklərlə gündəmə gəlib. Uzun illərdir istifadəçilər tərəfindən tələb olunan temperatur sensoru yeni Apple Watch Series 8 modellərinə gəlib. Beləliklə, ağıllı saat istifadəçilərin bədən istiliyini ölçə biləcək.

Bundan əlavə, bu saat bütün gün istifadədə 18 saat batareya ömrü təqdim edir. Modelin enerjiyə qənaət rejimi bu vaxtı 36 saata qədər artıra bilər. Sözügedən aşağı güc rejimi watchOS 9 və Apple Series 4 və yuxarı versiyalarında mövcud olacaq.

Apple Watch Series 8 GPS-in qiyməti 399 dollara, GPS+Cellular versiyası isə 499 dollara olacaq. Saatın sifariş tarixi 16 sentyabr olaraq açıqlanıb.

Digər tərəfdən, Apple, daha sərfəli saat modeli olan yeni Apple Watch SE-ni də təqdim edib. S8 prosessoru ilə təchiz edilən SE əvvəlki modeldən 20 faiz daha sürətlidir. Apple Watch SE-nin GPS versiyası 249 dollara, GPS+Cellular versiyası isə 299 dollara olacaq.


Apple-ın digər saat modeli Apple Watch Ultra 36 saatlıq istifadə müddətinə malikdir. Həmçinin Apple Watch Ultra seriyanın ən bahalı saatı olacaq. Cihazın GPS + Cellular versiyasının qiyməti 799 dollar olaraq müəyyən edilib.

© copyright 2022 | tech.az | info@tech.az