Business Model Canvas nədir?

Bənövşə Kazımova
12 Yanvar 2023 13:06
478 baxış
Business Model Canvas nədir?

Business Model Canvas (BMC) biznes ideyasını tez və asanlıqla müəyyənləşdirmək üçün istifadə olunan vasitədir. Bu, bir işin və ya məhsulun baza elementləri ilə işləyən, fikri uyğun şəkildə izah edən bir səhifəlik sənəddir. Bu sənəd biznes ideyasının nə ilə bağlı olduğunu izah edir. Həmçinin biznes haqqında bir fikir əldə etməyinizə  və onu bir işə çevirməyinizə imkan verir. 

Business Model Canvas özündə əsas partnyorlar, əsas fəaliyyət, əsas resurslar, dəyər, xidmətin istifadəyə verilmə üsulları, müştəri seqmenti, xərclərin strukturu kimi bir çox məsələləri ehtiva edir:

1) Əsas partnyorlar

Bu mərhələdə layihənizin partyorlarını müəyyənləşdirməlisiniz. Çünki layihənin ən vacib məqamlarından biri hansısa qurumlar və ya təşkilatların sizinlə əməkdaşlıq etməsi və sizə dəstək göstərməsidir. 

2) Əsas fəaliyyət

İşin həyata keçirilməsi zamanı konkret fəaliyyətiniz müəyyənləşməlidir. Müştərilərinizə xidmətin düzgün vaxtda düzgün şəkildə necə çatdırılmalı olduğunu, bu istiqamətdə hansı işlərin görülməli olduğunu bilməlisiniz. 

3) Əsas resurslar

Bu mərhələ layihə üçün zəruri resursların müəyyən edildiyi bir mərhələdir. Layihədə istifadə olunacaq maliyyə və texnoloji resurslar, ehtiyac olduğu təqdirdə təhsil resursları müəyyənləşməli və onların istifadə olunma qaydaları konkretləşməlidir.

4) Dəyər 

Yaratmaq istədiyiniz dəyər layihənin ən vacib amillərindəndir. Siz müştəriyə göstərəcəyiniz xidmətin və məhsulun hansı dəyəri yaratdığını və sizi rəqiblərinizdən ayıracaq məqamların nə olduğunu bilməlisiniz.

5) Xidmətin istifadəyə verilmə üsulları 

İstifadəçilərin sizin xidmətə necə çatması çox vacibdir. Xidmətiniz bir məhsuldursa, bu məhsulu hansı yollarla müştərilərinizə çatdıracaqsınız? Müştəri onu bir mağazadan alacaq və ya məhsulu onlayn satacaqsınız? Əgər çatdırmaq niyyətindəsinizsə, hansı nəqliyyat vasitəsinə üstünlük verəcəksiniz? Xidmətiniz barədə müştərilərinizə necə məlumat verəcəksiniz? Hansı media vasitəsindən istifadə edəcəksiniz? Bu mərhələdə əsas sualların nə olduğunu bilməli və bu suallara düzgün cavab tapmalısınız.

6) Müştəri seqmenti

Siz bu mərhələdə xidmətinizin hansı auditoriyaya xitab etdiyini müəyyənləşdirməlisiniz. Çünki xidmətin düzgün müştəri kütləsi üçün istifadə verilməsi işi daha da məhsuldar və keyfiyyətli edəcək.

7) Xərclərin strukturu

Layihənizin bütün maliyyə məsələləri dəqiqləşməli və bu istiqamətdə ətraflı təhlil aparılmalıdır. Biznesin daimi xərcləri, əmək haqqı xərcləri, vergi və s. daxil olmaqla, bütün xərclər qeyd olunmalıdır.

© copyright 2022 | tech.az | info@tech.az