Sərinləşdirici içkilər istehsal edən Coca-Cola şirkəti smartfon brendi ilə əməkdaşlıq edərək öz smartfonlarını istehsal etməyə hazırlaşır. Bu barədə bəzi məlumatlar ortaya çıxıb.
Hər kəsə məlumdur ki, Coca-Cola öz sektorunun aparıcı oyunçuları sırasındadır. Müştərilərini təəccübləndirmək istəyən şirkətin bu dəfə yeni məhsulları arasında indi də smartfon var.
Sızdırdığı məlumatlarla məşhur olan Mukul Şarma telefonun bütün arxa dizaynını göstərən yüksək keyfiyyətli render paylaşıb. Mukul həmçinin Cola telefonunun Hindistanda bu rübdə satışa çıxarılacağını və Coca-Cola-nın bu yeni telefon üçün bir smartfon markası ilə əməkdaşlıq etdiyini iddia edib.
Mukul brendin adını açıq şəkildə qeyd etməsə də, sözügedən markanın Realme ola biləcəyi ilə bağlı iddialar var. Çünki paylaşılan dizayn bu yaxınlarda satışa çıxarılan Realme 10 4G ilə demək olar ki, eyni görünür. Amma rəsmi məlumat hələ ki açıqlanmayıb.
Qeyd edək ki, Cola telefonunun arxa tərəfində LED fənəri olan ikili kamera sensoru var. Səs düyməsi sağ kənarında yerləşir. Dizayn baxımından ağıllı cihaz yuvarlaq kənarlara malikdir. Coca-Cola-da olduğu kimi, telefonun hər yeri qırmızı rənglə əhatə olunub. Hazırda cihazla bağlı baş detallar isə hələlik məlum deyil.