Dünyanın ən məşhur startap akseleratorları

Bənövşə Kazımova
20 Oktyabr 2022 11:43
755 baxış
Dünyanın ən məşhur startap akseleratorları

1. Y Combinator

Dünyanın ən məşhur startap akselertorlarından biri olan “Y Combinator” Silikon Vadisində yerləşir.  Akselerator dünyanın ən tanınmış və gəlirli texnologiya şirkətlərinin ərsəyə gəlməsinə maliyyə yardımı göstərir və indiyədək 4000-dən çox startapa yatırım edib. Dünyanın müxtəlif yerlərindən olan startaplar buranın hər il elan edilən 10 həftəlik proqramına qəbul olmaq üçün mübarizə aparırlar. Müraciət edənlərin isə yalnız iki faizi qəbul olunur. Akseleratpr Airbnb, DoorDash və Coinbase kimi uğurlu startaplara yatırım edib.

2. Techstars

2006-cı ildə ABŞ-ın Kolorado ştatında qurulan "Techstars” indiyə qədər 3000-dən çox startapa yatırım edib. Akseleratora daxil olan hər bir startapa növbəti mərhələyə keçirmək üçün 3 ay müddətində intensiv mentorluq proqramı keçirilir. Həmçinin proqramın sonunda, "Demo" günündə bütün dünyadan, xüsusən də ABŞ –dan olan investorlar sərmayə yatırması üçün dəvət edilir. Proqramdan sonra uğurlu startaplar daha çox sərmayə qazanmış olur. Techstars həmçinin Startup Week və Startup Weekend kimi tədbirlərə ev sahibliyi edir.

3. 500 Startups

ABŞ-ın aparıcı akselerator və vençur şirkəti “500 Startups” qlobal akselerator kimi 81 ölkədə təmsil olunur. 2800-ə yaxın startapa investisiya edən akselerator onları erkən inkişaf mərhələsindən dəstəkləyir və investisiya ilə təmin edir. Bu şirkətdə ekspert və təlimçi rolunda Google, Facebook, Twitter, Apple və digər yüksək səviyyəli şirkətlərdə aparıcı mövqelərdə işləmiş peşəkarlar çıxış edir. Dünyanın 27 ölkəsində ofisləri olan akseleratorun missiyası sahibkarlıq vasitəsilə iqtisadiyyatı yüksəltməkdir. Son 10 il ərzində 33 “Unikorn” şirkəti olan “500 Startups” qlobal innovasiya ekosisteminin aparıcı oyunçularından biridir. İndiyə qədər bu akselerator Buglance, Keepface və Whelp olmaqla, 3 yerli startapa yatırım edib.

4. Plug and Play

Silikon Vadisində yerləşən və 35-dən çox ölkədə ofisi olan Plug and Play-in əsas məqsədi dünya üzrə müxtəlif sənaye sahəslərində fəaliyyət göstərən startaplar üçün korporativ innovasiya və akselerasiya proqramlarını uğurla icra etməkdir. 2006-cı ildə yaradılan akselerator indiyədək 500000-dən çox startapı, 500-dən çox korporasiya, vençur kapital şirkətlərini, universitetləri və dövlət qurumlarını bir araya gətirib. Plug and Play Google, PayPal, Dropbox kimi şirkətlərə yatırım edib.

5. Google for Startups

Google for Startups 2011-ci ildə Google tərəfindən yaradılan startap akseleratorudur. O, 125 ölkədə fəaliyyət göstərən 50-dən çox ko-vörkinq mərkəzi və akselerator proqramlarından ibarətdir. Proqramlar vasitəsilə startaplar Google-un müxtəlif xidmətlərinə daxil olmaq, biznes və texniki dəstək imkanı əldə edirlər.  Akselerator sahibkar olmaq istəyənlər üçün praktiki dərslər də təqdim edir. Həmçinin yerli startap icmaları, eləcə də texnoloji startap sahibkarları üçün məşhur Google Campus kimi tanınan mərkəzlərlə əməkdaşlıq edir.

© copyright 2022 | tech.az | info@tech.az