Google Play Store-da 5 milyondan çox yüklənən 7 zərərli proqram aşkar edilib

Bənövşə Kazımova
26 Sentyabr 2022 11:29
125 baxış
Google Play Store-da 5 milyondan çox yüklənən 7 zərərli proqram aşkar edilib

Google Play Store-da 5 milyondan yüklənən 7 zərərli proqram aşkar edilib. Bu proqramlara Simple Address Book, Green Address Book, Nice Call, Color Call, Screen Translate, Mondy Gamebox, BinBin Flash aiddir.

Kaspersky bloq yazısında Android istifadəçilərinə Play Store-da yayılan Harly troyan təhlükəsi barədə xəbərdarlıq edib. Kaspersky-nin təhlükəsizlik tədqiqatçıları 2020-ci ildən bəri Google Play Store-da bu troyanı ehtiva edən 190-dan çox proqram tapıblar. Bu proqramların yüklənmə sayının ən azı 4,8 milyon olduğu bildirilsə də, faktiki sayının bundan xeyli çox ola biləcəyi də bildirilir.

Harly troyan rəsmi proqramların klonu kimi müəyyən edilib. Fırıldaqçılar Play Store-da çox yüklənilən proqramları klonlaşdırdıqdan sonra zərərli kodu yeridir və onları başqa adla Play Store-a yükləyirlər. Bu saxta proqramları sonradan yükləyən istifadəçilər isə proqramların düzgün işlədiyi üçün çox da şübhələnmirlər. Kaspersky-dən bildirilib ki, zərərli proqram təminatı ilə yoluxmuş cihazlarda istifadəçinin xəbəri olmadan ödənişli abunəliklər almaq olar. Həmçinin bu troyanın ən diqqətçəkən cəhəti odur ki, o, təkcə SMS yoxlanışını deyil, həm də telefon zəngi yoxlanışını keçə bilir.

Google Play Protect xidməti aktiv olan telefonlarda bu proqramlar avtomatik silinib. Bununla belə, Play Protect-i söndürən istifadəçilər üçün Google bu proqramların silinməli olduğu barədə xəbərdarlıq da edib.

© copyright 2022 | tech.az | info@tech.az