Immutable Web3 oyun ekosistemi üçün 500 milyon dollarlıq fond yaradır

Səbinə Eyvazova
18 İyun 2022 13:30
48 baxış
Immutable Web3 oyun ekosistemi üçün 500 milyon dollarlıq fond yaradır

Mart ayında 200 milyon dollar sərmayə alan və 2,5 milyard dollar dəyərə çatan Immutable Web3 oyun dünyası üçün yeni bir fond qurduğunu açıqlayıb.

Immutable-ın verdiyi məlumata görə, yaradılmış fondun həcmi 500 milyon dollar dəyərindədir. Immutable-ın 500 milyon dollarlıq fondunun əsas məqsədi Web3 və oyunları birləşdirən startaplara çatmaqdır. Həmçinin yaradılan fondun həm Web3 mərkəzli oyun startaplarına, həm də NFT əsaslı startaplara sərmayə yatıracağı bildirilir.

Nəzərinizə çatdıraq ki, Immutable startap və oyun studiyalarının istifadəsi üçün Immutable X adlı protokol təqdim edir və yeni fondla investisiyalar yalnız Immutable X protokolundan istifadə edən startaplara və oyunlara ediləcək.

Əlavə edək ki, fond Web3 və kripto dünyasının mühüm investorları ilə əməkdaşlıq edəcək. Immutable-ın əməkdaşlıq etdiyi investorlar arasında isə BITKRAFT, Animoca Brands, Arrington Capital, Double Peak, Airtree, King River Capital və GameStop kimi adların olduğu bildirilir.

© copyright 2022 | tech.az | info@tech.az