Keçmiş Apple mühəndisi şirkətin ticarət sirlərini oğurlayıb

Bənövşə Kazımova
24 Avqust 2022 15:34
166 baxış
Keçmiş Apple mühəndisi şirkətin ticarət sirlərini oğurlayıb

Apple-ın illərdir üzərində çalışdığı sürücüsüz avtomobil layihəsi ilə bəzi məlumatlar ortaya çıxıb.

Belə ki, Apple Car-da üç il işləyən mühəndis şirkətin ticarət sirlərini oğurlamaqda ittiham olunub. Məlumatlara görə, Xiaolanq Zhang 2015-ci ildən 2018-ci ilə bu avtomobil layihəsində Apple-da işləyib. Ancaq üç ildən sonra Zhang menecerinə Xpeng Motors-da işləyəcəyini deyərək işdən çıxıb.

Daha sonra araşdırma zamanı müəyyən edilib ki, Zhang AirDrop vasitəsilə həyat yoldaşının noutbukuna təxminən 24 GB məlumat ötürüb, həmçinin şirkətin avtonom avtomobil laboratoriyasından elektron lövhələr və server oğurlayıb. Bütün bunlardan sonra isə şirkət keçmiş əməkdaşını məhkəməyə verib və məhkəmə prosesi nəticəsində Zhang təqsirli bilinib. Keçmiş mühəndisin nə qədər cəza alacağı isə noyabrın 14-də keçiriləcək məhkəmədə müəyyənləşəcək.

ABŞ qanunlarına görə, kommersiya sirrinin oğurlanması maksimum 10 il həbs cəzası verir. Digər tərəfdən, Zhang-a 250 min dollara qədər cərimə də kəsilə bilər. 2019-cu ildə daha bir keçmiş Apple əməkdaşı Apple-ın avtomobil layihəsindən  təlimat, sxem, diaqram və fotoşəkilləri Çinə qaçaqmalçılıq yolu ilə keçirməyə cəhddə ittiham edilmişdi.

© copyright 2022 | tech.az | info@tech.az