May ayında ən çox yüklənmiş oyun açıqlanıb

Səbinə Eyvazova
18 İyun 2022 13:30
74 baxış
May ayında ən çox yüklənmiş oyun açıqlanıb

Sensor Tower may ayının ən çox yüklənən mobil oyunlarının siyahısını açıqlayıb. Siyahıya əsasən, ötən ayın çempionu Kiloo və SYBO Games tərəfindən hazırlanmış Subway Surfers olub. 30 milyon yükləmə alan mobil oyuna ən çox maraq göstərən ölkələr 15% ilə Hindistan və 14% ilə ABŞ olub. Bildirilir ki, oyun bu ay da ümumi siyahıda ilkin pillədə qalmaqda davam edir.

Məlumatlara görə, Garena Free Fire oyunu da siyahıda ikinci pillədə yer alıb. Mobil oyun 2021-ci ilin may ayı ilə müqayisədə 50,3% artaraq 26 milyon yüklənməyə çatıb. Oyunun ən çox yükləndiyi ölkələr isə Hindistan və İndoneziya olub.

Onu da qeyd etmək lazımdır ki, qlobal mobil oyun sənayesi 2022-ci ilin may ayında App Store və Google Play Store-da 4,8 milyard yükləməyə çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 1 faiz azalıb. May ayında mobil oyunlara ən çox maraq göstərən ölkə 916 milyon yükləmə ilə Hindistan olub ki, bu da ümumi yükləmələrin 19,2%-ni təşkil edir. İkinci yerdə 8,4%-lə ABŞ, üçüncü yerdə isə 7,9%-lə Braziliya qərarlaşıb.

© copyright 2022 | tech.az | info@tech.az