Ölkəmizə təşkil olunan kiberhücumlarla bağlı kibertəhlükəsizlik üzrə ekspert Ceyhun Cəfərovdan AÇIQLAMA

Bənövşə Kazımova
16 Sentyabr 2022 12:45
467 baxış
Ölkəmizə təşkil olunan kiberhücumlarla bağlı kibertəhlükəsizlik üzrə ekspert Ceyhun Cəfərovdan AÇIQLAMA

Son bir neçə gündə təmas xəttində baş verən gərginlik təsirini bütün sahələrdə göstərir. “ASAN Login” sisteminə olunan hücum, bir sıra VPN şirkətlərinin ölkədə reklamlar yerləşdirməsi təhlükənin olduğundan xəbər verir. Gərginliyin olduğu bu günlərdə kibertəhlükəsizlik mövzusunda olduqca diqqətli olmaq lazımdır. Təhlükəsiz sosial media və texnologiya istifadəsinə dair kibertəhlükəsizlik eksperti Ceyhun Cəfərov tech.az medianın suallarını cavablandırıb. 

Ceyhun bəy, şəxsi məlumatların mühafizəsi üçün nələr etmək məsləhətdir? 
İlk növbədə hansı əməliyyat sistemi istifadə etdiyimizdən asılı olmayaraq, mütləq şəkildə anti-virus istifadə etməyimiz lazımdır. Bu, saytlardan, virusa yoluxmuş fayllardan bizə düşə biləcək virusların qarşısını alacaq.

Artıq digital marketlərdə ən çox yüklənən tətbiqlər VPN-lərdir, VPN istifadəsi hansı təhlükələri yaradır?
VPN istifadə edərkən özümüzün müəyyən məlumatlarımızı gizlətmiş oluruq. Bura IP ünvanımız, daxil olduğumuz ölkə kimi məlumatlar aid etmək olar. Amma VPN-lərin əksəriyyəti pulsuz təklif olunur. Pulsuz təklif olunan VPN-lər əslində həmin şirkətlərə resurs aparır və şirkətlərə aylıq ödəniş edirlər. Nəyə görə bu VPN xidmətini pulsuz təklif etsinlər? Təbii ki, burada çox böyük risklər var. VPN-i bizə təqdim edən şirkət bizim məlumatlarımızı ikinci şəxslərə sata bilər və yaxud özü istifadə edə bilər. Buna görə də pulsuz VPN-lərin istifadə edilməsini tövsiyə etmirik. Biz VPN istifadə edərkən kart məlumatlarımız, sayt və sosial şəbəkə hesablarımızın login və şifrələri birbaşa olaraq VPN sahibi tərəfindən götürülə bilər. Bundan əlavə, təcrübəli şəxslər protokola baxa bilər. Yəni bu zaman onlar həmin şirkətin VPN-i hansı protokol üzərindən təqdim etdiyini görə bilər. VPN əgər PPTP protokolu üzərindəndirsə, təhlükəlidir. Ümumiyyətlə, belə VPN-ləri istifadə etmək olmaz.

Qarşı tərəf hansı üsullarla hücumlar həyata keçirə bilər? Fişinq və digər hücumları necə müəyyən edə bilərik?
Hal-hazırki vəziyyətlə bağlı olaraq çox fişinq hücumlarına cəhd ediləcək. Tövsiyə edirəm ki, gözlənilmədən gələn mesajlara, daxil olan zənglərə, mail-lərə, xüsusilə, diqqətli olsunlar. Çox vaxt çalışırlar ki, sosial mühəndislik növüylə hisslərlə, duyğularla oynasınlar, insanları tələsdirsinlər. Qısa müddət ərzində fişinqlər çoxalacaq. Gözləmədiyiniz anda kimsə adınızdan hesabınıza daxil ola, şifrənizi dəyişməyə çalışa bilər. Buna görə də maksimum diqqətli olmaq lazımdır. Bu kimi təhlükələrdən qorunmaq və ətraflı məlumat əldə etmək üçün kiber-gigiyena kurslarından faydalana bilərlər.

© copyright 2022 | tech.az | info@tech.az