PlayStation Showcase 2023 çərçivəsində bir sıra yeni oyunlar elan edilib. Amma Sony maraqlı oyunlarla yanaşı şirkətin aparat yeniliklərini də paylaşıb. Bir müddətdir gündəmdə olan portativ PlayStation konsolu Project Q nəhayət açıqlanıb. Lakin, bu cihaz istifadəçilərin gözlədiyi kimi Steam Deck-in rəqibi olmayacaq.
Sony PS5 oyunlarını portativ şəkildə oynamağın mümkün olacağı yeni konsolunu elan edib. PlayStation Showcase 2023 sərgisində təqdim edilən yeni Project Q ekran və DualSense bənzəri kontrol cihazından ibarətdir.
Şirkətin açıqlamasına görə, yeni cihaz 8 düymlük HD ekrana malikdir. O, həmçinin PS5 DualSense simsiz idarəedicisinin bütün düymələri və xüsusiyyətlərinə sahib olacaq. Lakin bu, Steam Deck və ya Nintendo Switch kimi ayrıca konsol olmayacaq. PlayStation 5-də olan oyunlarınızı bu cihaza əks etdirə biləcəksiniz.
PlayStation CEO-su Jim Ryan tərəfindən edilən açıqlamada Project Q-nun Wi-Fi üzərindən Remote Play ilə işləyəcəyi bildirilib. Bu o deməkdir ki, PS5-də istənilən oyunu portativ cihazda oynamaq mümkün olacaq. 8 düymlük HD ekran standart smartfonlardan daha geniş təcrübə vəd edir.
Project Q-da oyun oynamaq istəyirsinizsə, əvvəlcə onu PlayStation 5-də quraşdırmalısınız. Yəni Steam Deck kimi daxili yaddaşa sahib olmayacaq.
Qeyd edək ki, PlayStation Project Q qiyməti hələlik müəyyən deyil.