"Patagonia" geyim şirkətinin sahibi şirkəti iqlim böhranı ilə mübarizə aparan fonda təhvil verib

Bənövşə Kazımova
16 Sentyabr 2022 11:09
85 baxış
"Patagonia" geyim şirkətinin sahibi şirkəti iqlim böhranı ilə mübarizə aparan fonda təhvil verib

ABŞ-ın outdoor geyim markası Patagonia-nın təsisçisi milyarder və xeyriyyəçi kimi tanınan Yvon Çouinard iqlim böhranı ilə mübarizəyə töhfə vermək üçün qeyri-adi bir addım atıb və milyard dollarlıq şirkəti və şirkətin bütün gəlirlərini iqlim böhranı ilə mübarizə aparan fonda köçürdüyünü açıqlayıb.

Şirkətin saytında verilən qərarla bağlı verdiyi açıqlamada Çouinard "Yer artıq bizim yeganə səhmdarımızdır. Buna görə də əlimizdən gələni etməli və əldə etdiyimiz gəlirləri planetimizi xilas etməyə yönəltməliyik" - deyə bildirib. Məlumatlar görə, şirkət iki fonda təhvil verilib. Plana əsasən, şirkətin səs hüququ olmayan səhmlərinin 98 faizi iqlim dəyişikliyi ilə mübarizə aparan Holdfast Collective-ə verilib. Digər iki 2% pay isə şirkətin prinsiplərini qorumaq üçün milyarderin ailəsi tərəfindən yaradılan Patagonia Purpose Trust-a qalacaq.

Onu da əlavə edək ki, Patagonia mənfəət yönümlü bir şirkət olmağa davam edəcək, lakin bu yeni strukturda milyarder artıq şirkətə sahib olmayacaq və şirkətdən gəlir əldə edə bilməyəcək. ABŞ mətbuatında əksini tapan xəbərlərə görə, sözügedən böyük ianə səbəbiylə milyarder vergi məsuliyyətinə də cəlb oluna bilər.

© copyright 2022 | tech.az | info@tech.az