Səhiyyə işçilərinə yönəlmiş Docquity 44 milyon dollar investisiya alıb

Bənövşə Kazımova
05 Sentyabr 2022 12:40
86 baxış
Səhiyyə işçilərinə yönəlmiş Docquity 44 milyon dollar investisiya alıb

Səhiyyə işçilərinə yönəlmiş platforma olan Docquity 44 milyon dollar investisiya əldə edib. Bu investisiya ilə Sinqapurda yerləşən startapın aldığı ümumi investisiya məbləği 57,5 ​​milyon dollara çatıb. Itochu Corporation-ın rəhbərliyi ilə keçirilən investisiya turunda iGlobe Partners, Alkemi, Global Brain və Infocom iştirak edib. Docquity yeni investisiyadan mövcud İndoneziya və Filippin bazarını genişləndirmək üçün istifadə edəcək.

Startap 2015-ci ildə İndranil Roycudhuri, Amit Visal və Abhisek Vadhva tərəfindən təsis edilib. Platformanın məqsədi bütün dünyada çalışan səhiyyə mütəxəssislərini vahid platformada birləşdirməkdir. Belə ki, platforma müxtəlif ölkələrdə yaşayan həkimlər arasında ünsiyyəti təmin edərək, onların fəaliyyətinin daha məhsuldar və effektiv olmasına şərait yaradır. Yaranmış kommunikasiya şəbəkəsi xəstəliyə daha dəqiq diaqnoz qoymağa kömək edir. Startap 2020-ci ildən onlayn mühazirə və simpoziumlara start verib. Hazırda bu platformada ayda 50 min həkim təhsil alır.

350 mindən çox tibb işçisi olan startapın Hindistan, İndoneziya, Filippin, Malayziya, Sinqapur, Tayland, Vyetnam və Tayvanda ofisləri var. Yaxın dövrdə Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Misir də daxil olmaqla, yeni bazarlara çıxmağı hədəfləyir.

© copyright 2022 | tech.az | info@tech.az