Virtual reallıq konsertlərinə yönəlmiş AmazeVR 17 milyon dollar investisiya alıb

Bənövşə Kazımova
28 Sentyabr 2022 10:26
43 baxış
Virtual reallıq konsertlərinə yönəlmiş AmazeVR 17 milyon dollar investisiya alıb

Virtual reallıq texnologiyası və konsertlərinə yönəlmiş platforma AmazeVR yeni sərmayə alıb. İnvestisiya ilə bağlı startap açıqlama verib ki, o, B seriyasının investisiya turunda 17 milyon dollarlıq investisiya alıb. AmazeVR-in bu investisiya raunduna Mirae Asset Capital rəhbərlik edib. Mirae Asset Capital ilə yanaşı, startapın keçmiş investorları Mirae Asset Financial Group, CJ Investment, Smilegate Investment, GS Futures və LG Technology Ventures də investisiya raundunda iştirak ediblər. Yeni investorlar arasında CJ ENM və Krafton da var.

Yeni sərmayə ilə AmazeVR-in bu günə qədərki ümumi investisiyası 49 milyon dollara çatıb. 2015-ci ildə Kaliforniyada JB Li, Ceremi Nam, Stiv Li və Stiven Ko tərəfindən qurulan AmazeVR canlı 3D görüntüləri kompüter tərəfindən yaradılmış qrafik mühitlərlə birləşdirə bilir. AmazeVR yeni sərmayəni rəssamlar, agentliklər və nəşriyyatlarla əməkdaşlıq etmək üçün istifadə edəcək.

Əlavə edək ki, AmazeVR həm ABŞ, həm də Cənubi Koreyada müxtəlif sənətçilərlə razılaşma mərhələsindədir. Cənubi Koreya və ABŞ-da ofisləri olan AmazeVR hazırda 62 nəfərlik komanda tərəfindən idarə olunur.

© copyright 2022 | tech.az | info@tech.az