Xiaomi, Huawei, Oppo və Vivo birlikdə vahid sürətli şarj texnologiyası hazırlayacaq

Bənövşə Kazımova
03 Oktyabr 2022 12:33
93 baxış
Xiaomi, Huawei, Oppo və Vivo birlikdə vahid sürətli şarj texnologiyası hazırlayacaq

Son illərdə daha yüksək batareya tutumlu telefonlar istehsal olunsa da, tək bu vəziyyət uzun şarj ömrü üçün kifayət etmir. Bu səbəbdən Huawei, Xiaomi və Oppo kimi istehsalçılar telefonların daha sürətli doldurulmasına imkan verən sürətli şarj adapterləri hazırlayırlar. Belə ki, Xiaomi keçən il sürətli şarj üçün 120 vatt simsiz və 200 vatt simli şarj texnologiyalarını təqdim etmişdi. Eyni zamanda Oppo, Huawei və Vivo kimi şirkətlərin öz sürətli enerji doldurma texnologiyaları var.

İndi isə bu şirkətlər - Xiaomi, Oppo, Huawei və Vivo da daxil olmaqla, Çinin əsas texnologiya istehsalçıları UFCS adlı vahid sürətli şarj texnologiyasına keçmək barədə razılığa gəliblər. Hazırda UFCS yalnız iki güc çıxışını, 45W və 65W-ni dəstəkləyir. Bununla belə, sistem gələcəkdə daha güclü şarj cihazlarını da dəstəkləyəcək. Digər tərəfdən, UFCS-li ilk smartfonlardan birinin noyabr ayında təqdim ediləcək Oppo Reno 9 seriyası olacağı deyilir.

Əslində hər şirkətin özünəməxsus şarj alətlərinin olması bəzən problemlərə yol açır. Məsələn, bir markanın enerji adapteri başqa markanın telefonlarını düzgün şarj etməyə bilər. Bu da öz növbəsində batareyaya ciddi ziyan vurur. Yeni standartla bütün bu sürətli enerji doldurma texnologiyaları bir çətir altında birləşdiriləcək.

© copyright 2022 | tech.az | info@tech.az