Yaponlar kiçik cihazlarla həşəratları idarə edə bilirlər

Bənövşə Kazımova
24 Sentyabr 2022 10:30
119 baxış
Yaponlar kiçik cihazlarla həşəratları idarə edə bilirlər

Yapon alimləri həşəratlarla mübarizə aparmağın yeni üsulunu kəşf ediblər. Tədqiqatçılar tarakanların kürəyinə kiçik cihazlar yerləşdirərək, həşəratların hərəkətlərini idarə edə biliblər.

Hazırlanma mərhələsində olan layihə həyata keçirilərsə, təbii fəlakətlərdə dağıntılar altında qalanların yerlərini aşkar etmək üçün istifadə oluna biləcək. Məlumatlara görə, həşəratların kürəyinə günəş enerjisi ilə şarj edilə bilən və insan saçından 1/5 qədər nazik olan cihaz yerləşdirilib. Daha sonra alimlər bluetooth vasitəsilə göndərilən siqnalla həşəratların hərəkətini idarə edə biliblər.

Mütəxəssislər robotların əvəzinə həşəratlardan istifadənin onlara enerji doldurmada üstünlük verdiyini söyləyiblər. Hazırda həşəratların hərəkətini idarə etmək üçün istifadə edilən bu xüsusi cihazların qiymətinin təxminən 35 dollar olduğu bildirilir. Araşdırmanın ən başında olduqlarını deyən yapon tədqiqatçılar gələcəkdə həşəratların arxasına kamera kimi fərqli cihazlar yerləşdirməyi də planlaşdırır.

© copyright 2022 | tech.az | info@tech.az