Yerli startap Voiceloft 100 000 dollar investisiya alıb. Bu haqda məlumatı startapın təsisçisi Toğrul Səməd verib. Startap bu investisiyanı 500 Global-dan əldə edib.
İnvestisiya barəsində Toğrul Səməd tech.az Mediaya danışıb:
500 Global-ın 3 aylıq inkubasiya proqramı noyabr ayında başlayıb. Proqram üçün Silikon Vadisindən mentorlar gətirilib, həmçinin təlim proqramı çox keyfiyyətlidir. Hal-hazırda 1 milyon investisiya qaldırırıq. 500 Gobal-a Voiceloft-un daxil olmasının səbəbi odur ki, bir süni intellekt hazırlayırıq. 500 Global-ın netvörkinqi bu baxımdan bizə kömək edir. Akselerator həm də Google, Amazon və Microsoft şirkətləri ilə əməkdaşlıq etdiyi üçün bizə bulud resursları ayrılır. Bizim ora qoşulmağımızın səbəblərindən biri də bu resurslardır. Hansı ki bu resurslar bizə müxtəlif dil modellərinin hazırlanmasında kömək edəcək. Voiceloft 100-dən çox dil dəstəkləyir və Google, Amazon kimi şirkətlərin həllərindən daha dəqiq xidmət göstərir.
Voiceloft noyabr ayında 500 Global proqramına qəbul olan 3 Azərbaycan startapından biridir. Startap data setlərin toplanması üzrə ixtisaslaşmışdır.