İlon Maskın süni intellekt şirkəti xAI və X platforması texnologiya nəhəngləri Apple və OpenAI-ə qarşı məhkəmə iddiası qaldırıb. İddiada bildirilir ki, bu iki şirkət bazarda rəqabəti zəiflətmək üçün gizli və qanunsuz razılaşmalar aparır.
Əsas arqumentə görə, Apple smartfon bazarındakı mövqeyini qorumaq üçün rəqabəti ən çox məhdudlaşdıran şirkət hesab edilən OpenAI ilə əməkdaşlıq edir. Onların birgə fəaliyyəti süni intellekt sahəsindəki inkişafı əngəlləmək kimi qiymətləndirilir. Məhkəmə sənədlərində Apple-ın ChatGPT-ni öz sistemlərinə inteqrasiya etməsi bu əməkdaşlığın sübutu kimi göstərilib.
Bu məhkəmə işi İlon Maskla OpenAI-ın rəhbəri Sem Altman arasındakı uzunmüddətli gərgin münasibətlərin davamı kimi dəyərləndirilir. Bir vaxtlar OpenAI-ın qurucularından olan Mask, şirkətin kommersiya maraqlarına yönəlməsini açıq şəkildə tənqid etmişdi.
Xatırladaq ki, Mask bir müddət əvvəl X platformasında da Apple və OpenAI əməkdaşlığını sərt tənqid edərək, App Store-da yalnız OpenAI-ın məhsullarının önə çıxarıldığını, digər süni intellekt şirkətlərinə isə imkan verilmədiyini iddia etmişdi.
