Bahamalarda böyüyən və bütün təhsilini evdə alan 17 yaşlı Hannah Kairo riyaziyyat dünyasında nadir rast gəlinən uğura imza atdı. O, 1980-ci illərdən bəri açıq qalan və Fourier məhdudlaşdırma nəzəriyyəsi sahəsinə aid olan Mizohata–Takeuchi hipotezini təkzib edib. Bu hipotez, dalğaların enerji paylanmasının yalnız müəyyən məkanlarda və məhdudiyyətlər çərçivəsində baş verə biləcəyini iddia edirdi.
Kairo uşaq yaşlarından riyaziyyata böyük maraq göstərib — 11 yaşında kalkulusu , 14 yaşında isə bakalavr səviyyəli riyaziyyatı mənimsəyib. Ailəsi ilə ABŞ-a köçdükdən sonra “Berkeley Riyaziyyat Dairəsi” kimi yüksək səviyyəli proqramlarda iştirak edib. 2024-cü ildə Berkeley Universitetində professor Ruixiang Zhangın magistr kursuna qoşulduqdan sonra hipotezin sadələşdirilmiş versiyası üzərində işləməyə başlayıb.
O, xüsusi bir qarşı nümunə quraraq göstərib ki, hipotezdəki məhdudiyyətlər reallıqda keçərli deyil. Bu nəticə, yalnız bu problemi deyil, həm də riyaziyyatda mühüm sayılan Stein hipotezini də təkzib edib. Mütəxəssislər kəşfi “çox zərif və nadir rast gəlinən” nəticə adlandırıblar.
Hannah məktəb diplomu və bakalavr təhsili olmadan birbaşa doktoranturaya müraciət edib. Yalnız Merilend Universiteti və Johns Hopkins Universiteti onu qəbul edib. Payızdan etibarən Merilend Universitetində doktorantura təhsilinə başlayacaq.
Bu uğur həm gənc yaşda böyük elmi nailiyyətlərin mümkünlüyünü göstərir, həm də riyaziyyat dünyasında yeni tədqiqat istiqamətlərinə yol açır.