İlon Maskın OpenAI və Microsoft-a qarşı məhkəmə iddiası ABŞ Ədliyyə Nazirliyi və Federal Ticarət Komissiyası (FTC) tərəfindən dəstəklənib.
Nəzarət orqanları Maskın arqumentlərinin bir hissəsinə qatılaraq, hər iki şirkətin fəaliyyətlərinin antiinhisar qanunvericiliyini poza biləcəyini, xüsusilə idarə heyətinin üzvləri arasında maraqlar toqquşması səbəbilə belə bir riskin mövcud olduğunu bildiriblər.
Mask, OpenAI və Microsoft arasında maraqların toqquşduğunu iddia edir. Onun sözlərinə görə, LinkedInin həmtəsisçisi Rid Hoffman 2017-ci ildən 2023-cü ilə qədər hər iki şirkətin idarə heyətində yer alıb. Bundan başqa, Microsoft-un rəhbərliyində olan Deanna Templeton 2023-cü ilin dekabrından 2024-cü ilin iyuluna qədər OpenAI-nin idarə heyəti ilə əlaqəli olub. Mask, OpenAI-nin kommersiya şirkətinə çevrilməsinə qarşı məhkəmə qadağasının tətbiqini tələb edir və bu qərarın antiinhisar riskləri daşıdığını bildirir.
FTC və Ədliyyə Nazirliyi qeyd edib ki, bu cür praktikalara son verilməsi, şirkətlərin gələcəkdə belə hallar olmayacağına dair sübut təqdim etmə məsuliyyətini aradan qaldırmır. Bununla yanaşı, nəzarət orqanları hələlik OpenAI-nin kommersiya şirkətinə çevrilməsinin qanuniliyinə dair yekun mövqe bildirməyiblər.
İş üzrə dinləmələr çərşənbə axşamı Kaliforniya ştatının Oklend şəhərində yerləşən ABŞ Şimal Dairəsi Federal Məhkəməsində baş tutacaq. OpenAI bu məsələ ilə bağlı şərh verməkdən imtina edib, lakin daha əvvəl Hoffman və Templetonun idarə heyətində iştirakının qanun pozuntusu olmadığını bildirib.