Az | EN

ABŞ-nin daha bir Sİ startapı LangChain unikorn oldu

Nigar Sultanli
22 Oktyabr 2025 14:07
52 baxış
ABŞ-nin daha bir Sİ startapı LangChain unikorn oldu

Süni İntellekt tərtibatçılarına xidmətlər təklif edən LangChain, IVP-nin rəhbərlik etdiyi B Seriyası investisiya turunda 125 milyon dollar cəlb edərək dəyərləməsini 125 milyard dollara çatdırıb və beləliklə, "unikorn" olub. Startapın investisiya turunda Google-un investisiya qolu olan CapitalG, eləcə də Sapphire Ventures, Sequoia Capital, Benchmark və Amplify Partners kimi tanınmış şirkətlər də iştirak ediblər.

LangChain, Harrison Chase tərəfindən 2022-ci ildə açıq mənbəli layihə kimi yaradılıb. Startapın əsas məqsədi Böyük Dil Modellərini (BDM - LLM) daha ağıllı, kontekstual anlayışa sahib və qarşılıqlı əlaqədə ola bilən bir proqram təminatı infrastrukturu vasitəsilə inkişaf etdirməkdir. Platforma açıq mənbəli olduğu üçün tərtibatçılara ChatGPT kimi sistemləri sadəcə mətn cavablandıran alətlərdən fərqli olaraq, tamfunksiyalı Süni İntellekt Agentlərinə çevirməkdə yardımçı olur.

LangChain-in texnologiyası BDM-lərə verilənlər bazalarına müraciət etmək, internetdə axtarışlar aparmaq, API-lər vasitəsilə əlaqə qurmaq və ən əsası, bir danışığın və ya əməliyyatın əvvəlki addımlarını xatırlamaq imkanı verir. Bu imkanlar sayəsində Süni İntellekt tətbiqləri konteksti dərk edən, keçmiş məlumatlardan istifadə edən və müstəqil qərarlar qəbul edə bilən sistemlərə çevrilir.

Şirkətin əsas məhsulu olan LangChain freymvorku bu Süni İntellekt Agentlərinin tərtibatı üçün fundamental alətlər dəsti təqdim edir. Bundan əlavə, LangGraph agentlərin qərar axınlarını və yaddaş strukturlarını təşkil edən bir orkestrasiya aləti kimi fərqlənir. LangSmith isə tərtibatçılara yaratdıqları sistemləri sınaqdan keçirmək, izləmək və performansını optimallaşdırmaq üçün imkanlar yaradır.

Tərtibatçı cəmiyyətində böyük maraqla qarşılanan LangChain, GitHub-da 118 min "ulduz" və 19 mindən çox "fork" sayına çataraq, ən aktiv Süni İntellekt freymvorklarından biri olduğunu sübut edir.

© copyright 2022 | tech.az | info@tech.az