ABŞ və Çin arasında qarşılıqlı tariflərin 90 günlük müddətə azaldılması ilə bağlı əldə olunan razılaşma texnologiya bazarına müsbət təsir edib. Bazar ertəsi Cenevrədə əldə olunan razılaşmaya əsasən, ABŞ Çin mallarına tətbiq etdiyi 145%-lik yüksək tarifi müvəqqəti olaraq dayandıraraq 30%-ə endirib. Eyni şəkildə, Çin də ABŞ-dan idxal olunan mallara tətbiq etdiyi 125%-lik tarifi 10%-ə endirib.
Bu xəbərlə birlikdə, texnologiya səhmləri bazar açılmadan öncə əhəmiyyətli dərəcədə yüksəlib. Nasdaq birjasında Çinli ixracatçılar olan Temu və Alibabanın səhmləri təxminən 9% artıb. Eyni zamanda, Çin bazarından istehsal və təchizat baxımından asılı olan ABŞ-ın nəhəng texnologiya şirkətləri – Apple, Amazon, Tesla, Nvidia, AMD və Meta – səhmlərində 5%–6% arasında artım müşahidə olunub. Nasdaq Futures indeksində isə 3.8%-lik yüksəliş qeydə alınıb.
Bununla belə, razılaşma ABŞ-nin yaxın zamanda ləğv etdiyi "de minimis" azadolma qaydasına toxunmur. Bu qayda daha öncə 800 dollardan aşağı dəyəri olan idxal mallarına gömrük rüsumlarından azadolma tətbiq edirdi. Onun ləğvi isə bəzi məhsullar üçün əlavə tarif yükü deməkdir.
Ümumilikdə, bu müvəqqəti güzəştlər ticarət münasibətlərində gərginliyin azaldığına dair pozitiv siqnal kimi qiymətləndirilir və investor əhval-ruhiyyəsində canlanma yaradıb. Texnologiya sektorunun aparıcı şirkətlərinin bu mühitdən müsbət təsirlənməsi, yaxın günlərdə bazarda daha genişmiqyaslı yüksəlişə yol aça bilər.