Az | EN

Alman fintek yunikornu "N26" ilk dəfə gəlir əldə edib

Röya Yusifbəyli
21 Noyabr 2024 23:24
188 baxış
Alman fintek yunikornu "N26" ilk dəfə gəlir əldə edib

"N26" yunikornu Londonda "TechCrunch Disrupt" tədbirində səhnəyə çıxışından on il sonra, ilk dəfə rüblük (vergi nəzərə alınmadan) mənfəət əldə etdiyini açıqladı. Avropanın müxtəlif ölkələrində milyonlarla müştərisi olan fintek startapı, 2024-cü ilin üçüncü rübündə 2,8 milyon avro (və ya cari məzənnəyə görə 2,9 milyon dollar) xalis əməliyyat gəliri əldə edib. Bu, həm startap üçün, həm də fintek sənayesi üçün əhəmiyyətli bir mərhələdir. "Monzo", "N26", "Revolut" və "Starling" kimi banklar vaxtilə Avropanın ən çox danışılan startaplarından idi. Onlar milyardlarla investisiya cəlb edib, sürətli şəkildə böyüdü və növbəti maliyyə raunduna çatmaq üçün xeyli pul xərclədilər.

İndi isə "hesabat" vaxtıdır. Böyük maliyyə əldə etmək getdikcə çətinləşir və investorlar artıq mənfəət əldə etməyə doğru irəliləyiş görmək istəyir."Revolut" 2023-cü ildə 428 milyon dollar xalis mənfəətlə son dərəcə uğurlu olub. "Monzo" isə 2023-cü il üçün vergi nəzərə alınmadan 15,4 milyon funt-sterlinq (19,4 milyon dollar) mənfəət əldə edib. "N26" da bu uğuru izləyir.

Almaniyanın maliyyə tənzimləyicisi "BaFin" bir neçə il idi  "N26"da yeni istifadəçilərin qeydiyyatdan keçməsinə qadağa qoymuşdu. Bu sanksiya, startapı çirkli pulların yuyulmasına qarşı mübarizə proseslərini təkmilləşdirməyə məcbur etmək üçün tətbiq olunmuşdu. Lakin bu il sanksiya qaldırıldı və qərar şirkətin maliyyə göstəricilərinə əhəmiyyətli təsir göstərdi.

"N26"nın məlumatına görə, hazırda hər ay 200.000-dən çox insan şirkətdə hesab açır. Maraqlıdır ki, "N26" ümumi istifadəçi sayı ilə bağlı məlumat paylaşmağı dayandırıb. Bunun əvəzinə, şirkət 4,8 milyon “gəlir gətirən” müştərisinə diqqət yetirir.

Yeni istifadəçilərin axını 2024-cü ildə şirkətin gəlirlərini 2023-cü illə müqayisədə 40% artırıb. "N26" bu il 440 milyon avro illik gəlir əldə etməyi planlaşdırır.

Xatırladaq ki, "N26" pulsuz hesablarla yanaşı, əlavə maliyyə xidmətləri və funksiyalara çıxış imkanı verən ödənişli abunəliklər də təklif edir. Şirkət həmçinin əmanət hesabları, səhmlər, kripto ticarəti və kredit məhsulları təqdim edir.

İndi isə maraqlı olan "N26"nın mənfəət əldə etməyə davam edib etməyəcəyidir. Çünki 2024-cü ildə gəlirin 50%-i müştəri depozitlərindən və şirkətin pərakəndə kredit fəaliyyətlərindən əldə edilən faiz gəlirlərindən ibarətdir. Avropada faiz dərəcələrinin azalması bu gəlir mənbəyini yüksək səviyyədə saxlamağı çətinləşdirə bilər.

© copyright 2022 | tech.az | info@tech.az