Amazon, bu ilin avqust ayının 20-dən etibarən Android platformasında fəaliyyət göstərən Appstore-un fəaliyyətini dayandıracağını açıqlayıb. Şirkət bu barədə tətbiq inkişaf etdiricilərinə rəsmi bildiriş göndərərək artıq mağazaya yeni tətbiqlərin əlavə edilməyəcəyini bildirib.
Bundan əlavə, Amazon Appstore-da oyun və tətbiqlərin satın alınması üçün istifadə edilən Amazon Coins rəqəmsal valyutasının da eyni tarixdə ləğv ediləcəyini bəyan edib. Şirkət, həmin tarixə qədər istifadəçilərin sahib olduğu sikkələrin geri qaytarılacağını vurğulayıb.
Amazon-un nümayəndəsi məsələ ilə bağlı açıqlamasında bildirib:
"Android cihazlarında Amazon Appstore-a dəstəyi dayandırırıq və diqqətimizi əsas istifadəçi bazamız olan Fire TV və Fire Tablet cihazlarında daha yaxşı təcrübə yaratmağa yönəldirik."
Amazon Appstore 2011-ci ildə Google Play-ə alternativ olaraq istifadəyə verilsə də, məhdud sayda istifadəçi tərəfindən istifadə edilirdi. Bundan əlavə, mağazada zərərli proqramların aşkar edilməsi müəyyən narahatlıqlara səbəb olmuşdu.
Qeyd edək ki, Amazon ötən il Windows üzərində çalışan Appstore-un dəstəyini də dayandıracağını açıqlamışdı. 2021-ci ildə istifadəyə verilmiş bu sistem 2025-ci ilin mart ayından etibarən tamamilə fəaliyyətini dayandıracaq.