Amazon, Avstraliyada məlumat mərkəzi infrastrukturunu genişləndirmək və ölkənin süni intellekt (AI) potensialını gücləndirmək məqsədilə 2029-cu ilə qədər 20 milyard ABŞ dolları həcmində yatırım etməyi planlaşdırır. Bu, ölkə tarixində texnologiya sahəsində ən iri xarici sərmayələrdən biri olacaq.
Texnologiya nəhəngi bu sərmayə ilə Avstraliyada məlumat mərkəzlərinin server gücünü artırmaq, generativ süni intellekt üzrə işləri dəstəkləyəcək sistemlər qurmaq və enerji sektorunda dayanıqlı həllər inkişaf etdirməyi hədəfləyir.
Amazon şirkəti artıq üç yeni günəş enerjisi stansiyasının tikintisinə start verib və bu layihələr nəticəsində ümumilikdə 170 meqavatdan çox enerji hasilatı gözlənilir.
Avstraliya Baş naziri Antoni Albanese bu sərmayəni yüksək qiymətləndirərək, sosial şəbəkə platforması X-dəki paylaşımında bildirib: “AWS-in Avstraliyada məlumat mərkəzlərinə etdiyi 20 milyard dollarlıq sərmayə, iqtisadiyyatımızı və məhsuldarlığımızı gələcəyə daşıyacaq.”
Amazon, qlobal miqyasda da oxşar təşəbbüslərlə çıxış edir. Şirkət bu ayın əvvəlində ABŞ-ın Pensilvaniya ştatında da məlumat mərkəzi infrastrukturu üçün 20 milyard dollardan çox yatırım planını açıqlayıb. Həmçinin, Şimali Karolinada 10 milyard dollar və Tayvanda yeni bulud infrastrukturu üçün 5 milyard dolları aşan sərmayə layihələri də təqdim olunub.
Bu təşəbbüslər Amazon-un qlobal rəqəmsal transformasiya və süni intellekt ekosisteminin inkişafında liderliyini möhkəmləndirməyə davam etdiyini göstərir.