Amazon, süni intellekt əsaslı geyilə bilən texnologiyalar üzrə ixtisaslaşmış “Bee” startapını aldığını elan edib. Bu barədə məlumatı startapın həmtəsisçisi Maria de Lourdes Zollo şəxsi LinkedIn hesabında paylaşıb. Amazon isə xəbəri TechCruncha təsdiqləyərək qeyd edib ki, razılaşma imzalansa da, hələ tam bağlanmayıb.
“Bee” startapı istifadəçilərin səsini daim dinləyən və gündəlik fəaliyyətlərini asanlaşdırmaq üçün xatırlatmalar və tapşırıqlar siyahısı yaradan cihazlar istehsal edir. Bu cihazlar əsasən iki formada təqdim olunur: Fitbit-ə bənzər bilək qurğusu (qiyməti 49.99 ABŞ dolları, aylıq abunə haqqı isə 19 dollardır) və Apple Watch üçün mobil tətbiq. İstifadəçi cihazı əl ilə səssiz rejimə keçirmədikcə, qurğu ətrafdakı bütün səsləri qeydə alır.
Şirkət gələcəkdə “bulud telefonu” adlı konsept üzərində işləməyi planlaşdırır – bu texnologiya vasitəsilə Bee cihazı istifadəçinin telefon hesablarına və bildirişlərinə çıxış əldə edərək daha fərdi və inteqrə olunmuş təcrübə təklif edəcək.
Bee-nin rəsmi saytında qeyd edilir:
“İnanırıq ki, hər kəsin fərdi və ətraf mühitə uyğun süni intellektə çıxışı olmalıdır. Elə bir intellekt ki, alət deyil, etibarlı bir yoldaş kimi hiss olunsun – sizi xatırlatsın, düşündürsün və gündəlik həyatınızda sizə bələdçilik etsin.”
Bazarın digər iştirakçıları – məsələn, Rabbit və Humane AI – bənzər cihazlar təqdim etsə də, satışda əhəmiyyətli uğur əldə edə bilməyiblər. Lakin Bee-nin aşağı qiymət strategiyası bu sahəyə maraq göstərən, lakin böyük maliyyə riski götürmək istəməyən istifadəçilər üçün əlverişli seçim yaradır. Müqayisə üçün qeyd edək ki, uğursuz olmuş Humane AI Pin cihazı 499 dollara satılırdı.
Amazon, Bee komandasında çalışan əməkdaşlara şirkətdə iş təklif etdiyini də açıqlayıb. Bu satınalma, Amazon-un səsli idarə olunan Echo cihazlarından fərqli olaraq, AI texnologiyalı geyilə bilən məhsullar sahəsində də fəaliyyətini genişləndirmək istədiyini göstərir.
Bu sahədə rəqabət artmaqdadır:
- OpenAI öz AI cihazı üzərində işləyir,
- Meta süni intellekti ağıllı eynəklərinə inteqrasiya edir,
- Apple isə AI funksiyalı ağıllı eynəklər üzərində işlədiyi ilə bağlı söz-söhbətlər dolaşır.
Bu cür cihazların inkişafı məlumat təhlükəsizliyi və məxfiliklə bağlı narahatlıqlar doğurur. İstehsalçılar müxtəlif siyasətlər tətbiq edir: Bee-nin mövcud qaydalarına əsasən, səs yazıları yadda saxlanmır, serverdə saxlanılmır və AI təlimi üçün istifadə edilmir. İstifadəçilər istədikləri zaman məlumatlarını silə bilirlər. Lakin, AI tərəfindən öyrənilmiş fərdi vərdişlər cihazın yaddaşında qalır ki, bu da Bee-nin köməkçi kimi işləməsinə imkan verir.
Şirkət, həmçinin yalnız razılıq vermiş şəxslərin səslərinin qeydə alınacağı, mövzuya və yerə əsasən səs qeydlərinin avtomatik dayandırılması kimi xüsusiyyətlər üzərində çalışdığını bildirib. Bundan başqa, prosessin cihaz daxilində aparılması da planlaşdırılır ki, bu da bulud əsaslı emal ilə müqayisədə daha az məxfilik riski daşıyır.
Ancaq Amazon-un Bee-ni satın almasından sonra bu siyasətlərin dəyişib-dəyişməyəcəyi hələlik bilinmir. Qeyd edək ki, Amazon əvvəllər Ring təhlükəsizlik kameralarından istifadəçi razılığı və ya order olmadan hüquq-mühafizə orqanları ilə görüntülər paylaşdığı üçün tənqid olunmuşdu. 2023-cü ildə isə şirkət FTC ilə məlumatların icazəsiz istifadəsi ilə bağlı məhkəmə işini razılaşma ilə bağlamışdı.