Az | EN

Amazon süni intellekt sahəsinə 100 milyard dollar investisiya edəcək

Nigar Sultanli
07 Fevral 2025 11:33
62 baxış
Amazon süni intellekt sahəsinə 100 milyard dollar investisiya edəcək

Keçən həftə DeepSeek-in süni intellekt sahəsində büdcələrin azalacağı ilə bağlı yayılan xəbərlərə baxmayaraq, Böyük Texnologiya şirkətləri bu sahəyə investisiyalarını artırmağa davam edir. Amazon da bu şirkətlərdən biridir. Şirkət 2025-ci il üçün süni intellekt sahəsinə 100 milyard dollardan çox investisiya qoymağı planlaşdırır. Amazon-un baş direktoru Endi Cassi bu investisiyanın böyük hissəsinin AWS-in (Amazon Web Services) süni intellekt imkanlarına ayrılacağını açıqlayıb. 

Cassi 2024-cü ilin dördüncü rübündəki 26,3 milyard dollarlıq kapital xərclərinin 2025-ci ildə də davam edəcəyini və bunun təxmini olaraq illik 105,2 milyard dollara çatacağını vurğulayıb. Bu məbləğ 2024-cü ildə Amazon-un etdiyi 78 milyard dollarlıq investisiyadan çox daha yüksəkdir.

Amazon süni intellektin qiymətinin ucuzlaşmasının gəlirlərinə mənfi təsir etməyəcəyini bildirib. Əksinə, Cassi süni intellektin ucuzlaşmasının daha çox tələbat doğuracağını və AWS-in bu tələbatdan faydalanacağını qeyd edib. O, qeyd edib ki, texnologiya ucuzlaşarsa, bunun ümumilikdə texnologiyaya sərf olunan investisiyanın azalmasına səbəb olmayacağına inanır. Hətta bu vəziyyəti internetin və bulud texnologiyalarının ilk dövrləri ilə müqayisə edib.

Digər böyük texnologiya şirkətləri də bu ilki maliyyə hesabatlarında süni intellektin daha da ucuzlaşmasının tələbatı artıracağına diqqət çəkiblər. Meta-nın baş direktoru Mark Zukerberq ötən həftə şirkətin uzun müddətdə süni intellektə "yüz milyardlarla" dollar investisiya qoyacağını açıqlayıb. 2025-ci il üçün Meta 60 milyard dollarlıq investisiya qoymağı planlaşdırır.

Alphabet 2025-ci ildə kapital xərclərini 42% artıraraq 75 milyard dollara çatdıracaq. Şirkət baş direktoru Sundar Piçai süni intellektin qiymətinin azalmasının yeni istifadələrə imkan yaradacağını bildirib.

Microsoft isə 2025-ci il üçün yalnız süni intellekt məlumat mərkəzlərinə 80 milyard dollar investisiya qoyacağını açıqlayıb. Şirkətin baş direktoru Satya Nadella, süni intellektin qiymətinin azalması ilə daha çox tələbatın olacağını bildirmiş və Jevons Paradoksunu (qiymətlər azalarsa, tələbatın artması) diqqətə çatdırıb.

Hazırda böyük texnologiya şirkətləri süni intellekt sahəsinə daha çox investisiya qoymağa davam edirlər və hələlik bu sahədə azalma əlamətləri yoxdur.

© copyright 2022 | tech.az | info@tech.az