Amazon süni intellekt sahəsində yeni addım ataraq Nova ailəsinin ən güclü modeli olan Nova Premier-i təqdim etdi. Şirkət bu modelin mətn, şəkil və video formatlı məlumatları emal edə bildiyini, lakin səslə işləmə funksiyasının olmadığını açıqlayıb. Nova Premier artıq Amazon-un süni intellekt platforması olan Bedrock vasitəsilə istifadəyə verilib.
Modelin əsas üstünlüklərindən biri onun kontekst uzunluğunun 1 milyon token olmasıdır ki, bu da təxminən 750 min sözün eyni anda təhlil olunması deməkdir. Amazon-un verdiyi məlumata əsasən, Nova Premier dərin kontekst anlayışı, çoxmərhələli planlaşdırma və bir neçə alət və məlumat mənbələri ilə dəqiq işləmək bacarığı tələb edən mürəkkəb tapşırıqlarda yüksək performans göstərir. Daxili sınaq nəticələrinə görə, model bilik axtarışı (SimpleQA) və vizual anlama (MMMU) testlərində uğurlu nəticələr əldə edib.
Bununla belə, model bəzi sahələrdə rəqiblərindən geri qalır. Google-un Gemini 2.5 Pro modeli ilə müqayisədə kodlaşdırma (SWE-Bench Verified), riyaziyyat və elm sahəsindəki testlərdə (GPQA Diamond və AIME 2025) zəif nəticələr göstərdiyi bildirilir. Nova Premier həmçinin məntiqi düşünmə qabiliyyətinə malik “reasoning” modellərdən deyil; o, cavabları daha dərindən düşünmək və fakt yoxlamaq üçün əlavə hesablama resursları istifadə edə bilmir.
Nova Premier-in qiymət siyasəti isə belədir: modelə daxil edilən 1 milyon token üçün $2.50, model tərəfindən yaradılan 1 milyon token üçün isə $12.50 ödənilir. Bu qiymətlər rəqib modellərlə müqayisədə orta səviyyədədir.
Amazon bu modeli daha çox kiçik modellərin öyrədilməsi üçün istifadə etməyi planlaşdırır. Yəni onun imkanlarından faydalanaraq daha sürətli və yüngül modellər hazırlanacaq. Şirkətin baş direktoru Andy Jassy bildirib ki, Amazon süni intellekt sahəsində 1.000-dən çox tətbiq hazırlayır və bu texnologiyadan əldə olunan gəlir illik milyardlarla dollara çatıb. Nova Premier bu strategiyanın növbəti addımı kimi təqdim olunur.