Az | EN

Anthropic 150 milyard dollarlıq dəyərə çatmaq üçün yeni investisiya turu planlaşdırır

Nigar Sultanli
28 İyul 2025 13:33
187 baxış
Anthropic 150 milyard dollarlıq dəyərə çatmaq üçün yeni investisiya turu planlaşdırır

Anthropic bazar dəyərini 150 milyard dollara yüksəltmək məqsədilə yeni investisiya raundu üçün ilkin danışıqlara başlayıb. Financial Times-ın məlumatına görə, şirkət bu mərhələdə ən azı 3 milyard dollar, ehtimal ki, 5 milyard dollara qədər vəsait toplamağı planlaşdırır. Bu, şirkətin daha əvvəl – 2025-ci ilin mart ayında əldə etdiyi 61,5 milyard dollarlıq dəyərləndirmədən təxminən ikiqat artıq deməkdir.

FT-nin məlumatlı mənbələri bildirir ki, bu yeni raund çərçivəsində Anthropic Abu Dabi mərkəzli MGX fondu da daxil olmaqla, müxtəlif beynəlxalq investorlarla təmasdadır. Diqqətçəkici məqam ondan ibarətdir ki, şirkət bu vaxta qədər Yaxın Şərqdən birbaşa maliyyələşməyə ehtiyatla yanaşırdı, lakin görünür, bu strategiyada dəyişiklik olub.

Anthropic 2025-ci ilin martında Lightspeed Venture Partners və digər investorların iştirakı ilə 3,5 milyard dollar cəlb etmişdi. O zaman şirkət bu vəsaiti süni intellektin növbəti nəsil modellərinin hazırlanmasına, beynəlxalq genişlənməyə və hesablama gücünün artırılmasına sərf etməyi planlaşdırırdı.

Bundan sonra Anthropic Claude Sonnet 4 və Claude Opus 4 adlı ən son hibrid AI modellərini istifadəyə verib. Şirkət həmçinin səsli rejimi də Claude çat-botuna inteqrasiya edərək texnologiyasını daha da əlçatan və funksional edib. Claude Opus 4 modeli, texniki baxımdan, "dünyanın ən yaxşı proqramlaşdırma modeli" adlandırılıb.

Hal-hazırda, Anthropic-in illik gəlirinin 1 milyard dollardan 4 milyard dollara qədər yüksəldiyi qeyd olunur. Bu artım əsasən korporativ müştərilərə yönəlmiş abunə əsaslı xidmətlər sayəsində baş verib. Yeni maliyyə dəstəyi şirkətə həm rəqibləri olan OpenAI, Google DeepMind və Meta ilə rəqabət aparmaq, həm də texnoloji liderliyini qorumaq üçün böyük imkanlar yaradacaq.

© copyright 2022 | tech.az | info@tech.az