Anthropic, səhmlərinin əksəriyyəti Çin təşkilatlarına məxsus olan müəssisələrə süni intellekt xidmətləri təklif etməyi dayandırmaq qərarına gəlib. Bu, bir Amerika Sİ şirkəti tərəfindən qəbul edilən ilk belə qərar hesab olunur.
San-Fransisko mərkəzli şirkətin rəhbərlərindən birinin Financial Times-a verdiyi məlumata görə, bu qərarın əsas məqsədi Pekinin texnologiyadan hərbi və kəşfiyyat məqsədləri üçün istifadəsini əngəlləməkdir. Bu siyasətə ByteDance, Tencent və Alibaba kimi nəhəng şirkətlər də daxil ola bilər.
Adı açıqlanmayan rəhbər qeyd edib ki, bu qərarla “Çin şirkətlərinin ən qabaqcıl süni intellektə girişinə imkan verən bir boşluğu aradan qaldırırıq.” O, həmçinin bu siyasətin ABŞ-nin digər rəqibləri olan Rusiya, İran və Şimali Koreyanı da əhatə edəcəyini bildirib.
Anthropic bu addımı “çevik süni intellekt imkanlarının ABŞ liderliyinə uyğun və demokratik maraqlar naminə inkişaf etməsini təmin etmək” məqsədi ilə atdığını vurğulayıb.
Şirkət bu qərarın qlobal gəlirlərində yüz milyonlarla dollarlıq itkiyə səbəb ola biləcəyini qəbul edir. Buna baxmayaraq, rəqiblərə müştəri itirmək riskinə rəğmən, bu məsələnin “ciddi bir problem” olduğuna diqqət çəkmək istədiklərini bildirirlər.
ABŞ-də Çin şirkətlərinin Sinqapur kimi ölkələrdə törəmə müəssisələr yaratmaqla Amerikan texnologiyasına daha az nəzarət altında daxil olmağa çalışması ilə bağlı narahatlıqlar artır. Çindəki şirkətlərin istənilən vaxt dövlətə məlumat təqdim etmək öhdəliyi, ABŞ üçün milli təhlükəsizlik riski kimi qiymətləndirilir.
Bu addım, Çinin süni intellektdən hipersonik silahlardan nüvə modelləşdirməsinə qədər müxtəlif hərbi sahələrdə istifadə edə biləcəyi narahatlıqlarının fonunda atılıb.
Digər tərəfdən, Çinin DeepSeek startapının bu ilin əvvəlində yayımladığı açıq qaynaqlı R1 modeli, Amerikan modelləri ilə rəqabət edə biləcək səviyyədə idi. OpenAI isə DeepSeek-in R1 modelini öyrətmək üçün öz modellərinə qeyri-qanuni şəkildə daxil olduğunu iddia etmişdi.