Az | EN

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

Cəmil Hüseynzadə
26 Oktyabr 2023 15:59
1409 baxış
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təlimlərin yeni dalğası üçün qeydiyyat elan edir.

Təlimlərdən yararlanmaq üçün 17 yaşdan yuxarı, ingilis dili bilikləri və baza İKT bacarıqlarına malik olan Azərbaycan vətəndaşları müraciət edə bilərlər.

Qeydiyyatdan keçmiş namizədlər növbəti mərhələdə ardıcıl olaraq imtahan və müsahibə proseslərinə cəlb olunacaqlar. İsrailli mütəxəssislərin keçirəcəyi imtahanda namizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, İKT üzrə bilik və bacarıqları, ingilis dili səviyyəsi yoxlanılacaq. Daha sonra müsahibəyə cəlb olunaraq bu mərhələni uğurla keçən 60 nəfər təlimlərdə ödənişsiz formada iştirak hüququ əldə edəcək. Hər bir mərhələ üzrə yalnız ən yüksək göstəricilərə sahib şəxslər sonrakı mərhələdə iştirak hüququ qazanacaqlar.

Proqrama qəbul olunanlara israilli müəllimlər tərəfindən “Technion” İnstitutunun təlim proqramına əsasən dərslər keçiləcək, nəzəri və praktiki biliklər öyrədiləcək. Təlimlər 6 ay müddətində saat 09:00-dan 18:00-a qədər davam edəcək.

Proqram çərçivəsində 2 qrup mütəxəssisin hazırlanması planlaşdırılır: “Red Team” (hücum), “Blue Team” (müdafiə). Komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Proqramı uğurla bitirənlərə “Technion” Texnologiya İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.

Təlimlərdə iştirak etmək istəyən namizədlər buradan linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün son tarix 15 noyabr 2023-cü ildir.

Qeyd edək ki, “PASHA Holding” şirkətlər qrupunun dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən 2023-cü ilin iyul ayında 60 nəfər məzun olub. Onlar artıq həm dövlət qurumlarında, həm özəl sektorda çalışaraq mərkəzi uğurla təmsil edirlər. Hazırda isə seçilmiş digər 60 nəfərin tədrisi davam edir. Tədris müddətində ixtisaslaşmış kadr hazırlığı ilə yanaşı, məlumatlandırma, yüksək vəzifəli kibertəhlükəsizlik mütəxəssislərinin ixtisas artırması, kibertəhlükəsizlik məhsullarının araşdırılması və məhsul hazırlığı istiqamətində də təlimlər keçirilir.

© copyright 2022 | tech.az | info@tech.az