Son dövrlərdə Azərbaycanda startap bazarında yenə maraqlı hadisələr baş verir. Həm dövlətin bu sahəyə göstərdiyi diqqət və dəstək, həm də yerli mütəxəssislərin artıq daha innovativ fikirlər ortaya qoyması ilə maraqlı layihələr ortaya çıxır. İndi isə, düz 1 il əvvəl Azərbaycanlılar tərəfindən yaradılan Qoor startapı Türkiyə bazarında fəaliyyətə başlayacaq.
Başlanğıcda İzmir şəhərində istifadəyə verilməsi nəzərdə tutulan tətbiq, qısa müddətdə digər şəhərləri də əhatə edəcək. 2 trilyon dollarlıq bir bazara daxil olan Qoor artıq Türkiyədə bir nömrəli akselerasiya mərkəzi olan İTÜ Çekirdek proqramına seçilən startaplardan biri olub. Qeyd edək ki, bu il Qoor bu proqrama qəbul olan tək Azərbaycan startapıdır.
İTÜ Çekirdek ilə əməkdaşlıq başladı
Adətən startap deyəndə ağıllara Silicon Valley gəlsə də qonşu Türkiyə də öz startap ekosistemi ilə seçilir. İndiyə qədər Yemeksepeti, Insider, Getir kimi milyard dollarlıq startapları dünyaya təqdim edən qardaş ölkədə bu dəfə artıq bir Azərbaycan startapının adı investorlar arasında hallanmağa başlayıb. Qoor-un 2 trilyon dollar həcmində bir bazara daxil olduğunu nəzərə alsaq bu vəziyyət sürpriz deyil.
İndi Qoor burada startap sürətləndirmə proqramını tamamlamalıdır. Hər il İTÜ Çekirdek-ə minlərlə startapın müraciət etdiyini və bu müraciət qarşısında az qismin seçildiyini nəzərə alsaq bunu böyük bir uğur və ölkəmiz üçün qürur mənbəyi hesab edirik.
Qoor bu akselerasiya proqramının yaratdığı üstünlüklərdən, mentor və networking imkanlarından yararlanacaq. Proqramın sonunda isə hər il 300 milyon tl’dən çox investisiyanın olduğu böyük təqdimat günündə investorların qarşısına çıxacaq.