Az | EN

Azərbaycanda biznes müqavilələri rəqəmsallaşır – e-muqavile.az

Cəmil Hüseynzadə
24 Noyabr 2026 15:23
288 baxış
Azərbaycanda biznes müqavilələri rəqəmsallaşır – e-muqavile.az

Azərbaycanda fəaliyyət göstərən “E-Müqavilə” platforması üzərindən imzalanan müqavilələrin sayı 4 mini ötüb. Platformanın aktiv istifadəçilərinin sayı isə 4 582-yə çatıb.

“E-Müqavilə”nin təsisçisi Fərid Qəhrəmanovun “vergiler.az”a verdiyi məlumata görə, platforma fərdi sahibkarlar və hüquqi şəxslər arasında müqavilələrin elektron qaydada hazırlanması, imzalanması və arxivləşdirilməsi üçün vahid rəqəmsal həll təqdim edir.

Platformada qarşı tərəfin tapılmasından müqavilənin hazırlanaraq elektron imzalanmasına qədər bütün proses bir neçə dəqiqə ərzində tamamlanır. Orta hesabla 5 dəqiqə çəkən imzalanma prosesi zamanı ucdan-uca şifrələmə texnologiyasından istifadə olunur. Müqavilələr “ASAN İmza” və “SİMA İmza” vasitəsilə təsdiqlənir.

Fərid Qəhrəmanov bildirib ki, platforma üzərindən bağlanan müqavilələr formal sənədlər deyil və məhkəmələrdə hüquqi qüvvəyə malikdir. Azərbaycan qanunvericiliyinə əsasən, elektron imza ilə imzalanmış müqavilələr əl imzası ilə təsdiqlənmiş müqavilələrlə eyni hüquqi qüvvəyə malikdir.

Platformada müqavilənin göndərilməsi, ona baxılması və imzalanması daxil olmaqla bütün əməliyyatlar vaxt möhürü ilə qeydə alınır. Bu qeydlər zərurət yarandıqda hüquqi mübahisələr zamanı sübut kimi istifadə oluna bilər. Sənədlər saxlanılarkən və ötürülərkən şifrələnir, istifadəçi məlumatları isə Azərbaycanda yerləşən serverlərdə qorunur. İmzalanmış sənədlərin məzmununa sonradan müdaxilə etmək mümkün deyil və onlar elektron arxivdə saxlanılır.

“E-Müqavilə” dövlətin rəqəmsal resursları ilə inteqrasiya olunub

“E-Müqavilə” 2026-cı ilin mayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “Startap” şəhadətnaməsi əldə edib. Layihə çərçivəsində şirkətə “SİMA İmza” və “AzInCloud” bulud serveri infrastrukturundan istifadə imkanı yaradılıb.

Təsisçinin sözlərinə görə, layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq lisenziyasını əldə edib və Milli Kibertəhlükəsizlik Agentliyində dövlət qeydiyyatından keçib. Dövlət qurumlarının dəstəyi nəticəsində “myGov” və “ASAN İmza” resursları da platformaya inteqrasiya olunub.

Hazırda VÖEN-ə malik fərdi sahibkarlar və hüquqi şəxslər platforma vasitəsilə xidmət, alğı-satqı və icarə müqavilələri hazırlaya bilirlər. Bununla yanaşı, müqavilələrə aid qiymət razılaşdırma protokolları, hesab-fakturalar və təhvil-təslim aktları da elektron qaydada yaradılaraq imzalana bilir.

Beləliklə, müqavilələrin hazırlanması, imzalanması və əlaqəli sənədlərin rəsmiləşdirilməsi vahid platformada, istifadəçinin şəxsi kabineti vasitəsilə həyata keçirilir.

2027-ci ildə mobil tətbiq və süni intellekt funksiyaları istifadəyə veriləcək

Şirkət 2027-ci ildə platformanın funksionallığını genişləndirməyi planlaşdırır. Bu çərçivədə mobil tətbiqin istifadəyə verilməsi, müqavilələrin iki dildə hazırlanması və imzalanmazdan əvvəl tərəflər arasında razılaşdırılması funksiyalarının əlavə edilməsi nəzərdə tutulur.

Bundan başqa, istifadəçilərin işini asanlaşdırmaq məqsədilə süni intellekt texnologiyalarının köməyi ilə müqavilə sənədlərinin hazırlanması imkanının yaradılması planlaşdırılır.

Hazırda sənəd çeşidinin artırılması və platformanın mobil cihazlardan istifadəyə uyğunlaşdırılması istiqamətində işlər aparılır. Gələcək mobil tətbiq vasitəsilə sənədlərin hazırlanması, elektron imzalanması və bildirişlərin idarə olunmasının vahid mühitdə birləşdirilməsi hədəflənir.

“Startap” şəhadətnaməsi məhsulun inkişafına əlavə imkan yaradır

Azərbaycanda tətbiq olunan “Startap” şəhadətnaməsi mikro və kiçik sahibkarlıq subyektlərinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə 3 il müddətinə mənfəət və gəlir vergisi güzəşti təqdim edir. 2027-ci il yanvarın 1-dən bu müddətin 3 ildən 7 ilədək artırılması nəzərdə tutulur.

Fərid Qəhrəmanovun sözlərinə görə, şəhadətnamənin əldə edilməsi layihənin hüquqi və institusional nüfuzunu artırmaqla yanaşı, tərəfdaşlar qarşısında etibarlılığını da gücləndirib.

Vergi güzəştləri hesabına əldə olunan maliyyə qənaətinin birbaşa məhsulun inkişafına yönəldilməsi planlaşdırılır. Bu vəsaitin əsasən mobil tətbiqin hazırlanmasına, texnoloji infrastrukturun təkmilləşdirilməsinə, süni intellekt əsaslı funksiyaların inkişafına, istifadəçi təcrübəsinin və informasiya təhlükəsizliyinin artırılmasına sərf edilməsi nəzərdə tutulur.

Komanda qarşıdakı dövrdə müqavilə bağlama prosesini daha da sadələşdirməyi və bir neçə dəqiqə ərzində tamamlanan rəqəmsal əməliyyata çevirməyi hədəfləyir.

Qeyd edək ki, “E-Müqavilə” platformasında qeydiyyat və ilkin istifadə ödənişsizdir.

© copyright 2022 | tech.az | info@tech.az