Səyahət və tur operatorları üçün onlayn ödəniş və idarəetmə həlləri təqdim edən WeTravel startapı yeni maliyyələşmə raundunu uğurla yekunlaşdırıb. Startap 92 milyon dollarlıq “Series C” investisiya raundunu bağlayaraq dəyərini üçqat artırıb. Bununla da startapın dəyəri təqribən yarım milyard dollara yüksəlib.
WeTravel-in əsas məqsədi daha çox insanın dünyanı kəşf etməsinə imkan yaratmaqdır. Bu gün minlərlə tur operatoru platformadan istifadə edərək milyonlarla səyahətçini 190-dan çox ölkəyə aparıb. Bunlara Şotlandiyada toxuculuq və viski turları, Everest Baza Düşərgəsinə yürüşlər, Qalapaqos adalarında dalış və Avropada kulinariya turları daxildir.
Yeni raund Sapphire Ventures, Left Lane Capital, Base10 Partners və Cross Creek fondlarının dəstəyi ilə baş tutub. Startap bu vəsaiti məhsullarını təkmilləşdirmək və tur operatorlarının xərclərini azaltmaq üçün istifadə edəcəyini bildirib.
Həmyerlimizin dəstəyilə qurulmuş uğur
Qeyd edək ki, WeTravel startapı 2014-cü ildə Yohannes Koeppel (CEO), həmyerlimiz Qərib Mehdiyev (CTO) və Zaki Prabovo (CMO) tərəfindən təsis edilib. Platforma səyahət təşkilatçılarına ödənişlərin qəbulundan tutmuş logistikanın idarə edilməsinə qədər geniş alətlər təqdim edir.
Hal-hazırda 3000-dən çox şirkət WeTravel vasitəsilə ödənişləri qəbul edir, rezervasiyaları idarə edir və beynəlxalq valyuta köçürmələrini həyata keçirir. Bu da ümumilikdə 500 mindən çox müştəriyə xidmət göstərməyə imkan verib. Startapın əməliyyat həcmi pandemiyadan əvvəlki dövrlə müqayisədə 300% artıb, gəlirləri isə üçqat yüksəlib.
Xatırladaq ki, WeTravel daha əvvəl 7 milyon dollarlıq investisiya əldə etmişdi. 2022-ci ildə isə startap Base10 Partners və Swift Ventures-in iştirakı ilə, Left Lane Capital-ın rəhbərliyi altında keçirilən Series B raundunda 27 milyon dollar investisiya cəlb etmişdi. Bu vəsait əsasən fintek məhsullarının inkişafına yönəldilmişdi.
Xəbərdən istifadə edərkən link ilə istinad etmək zəruridir.
