Az | EN

“Baku ID”də 50-dən çox beynəlxalq və regional vençur fondu təmsil olunur

Cəmil Hüseynzadə
17 Sentyabr 2026 14:57
15 baxış
“Baku ID”də 50-dən çox beynəlxalq və regional vençur fondu təmsil olunur

"Baku ID" tədbirində artıq 50-dən çox beynəlxalq və regional vençur fondu iştirak edir.

Bunu "SABAH.HUB" şirkətinin baş icraçı direktoru Rahim Bayramlı media nümayəndələrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, ardıcıl olaraq 5-ci dəfə keçirilən tədbirdir: "Tədbirin başlıca hədəfi Azərbaycan və regiondakı startaplar üçün vahid platforma formalaşdırmaq, onların beynəlxalq investorlar önündə çıxış edərək maliyyə cəlb etmələrinə kömək göstərməkdir".

R.Bayramlı qeyd edib ki, builki tədbir miqyasına görə əvvəlki illərdən fərqlənir: "İlk dəfə olaraq tədbirdə 50-dən artıq beynəlxalq və regional vençur fondu təmsil olunur. Ümumilikdə 60 startap onların qarşısında təqdimatla çıxış edir. Həmin startapların 45-i xarici ölkələrdən, 15-i isə yerli müəssisələrdir".

O əlavə edib ki, builki "Baku ID" "SABAH.HUB" layihəsinin ilk mərhələsinin başlaması baxımından da əhəmiyyətlidir: ""SABAH.HUB" Elm və Təhsil Nazirliyi ilə dövlət-özəl tərəfdaşlığı formatında həyata keçirilən böyük həcmli layihədir. Layihənin məqsədi Azərbaycan və regionun startap ekosisteminin əsas iştirakçılarını - ali təhsil müəssisələrini, tədqiqat institutlarını, startapları, investisiya və texnologiya şirkətlərini, həmçinin dövlət qurumlarını bir arada birləşdirməkdir. Bu yolla tərəflər arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və regionda bilik iqtisadiyyatının inkişafına dəstək verilməsi nəzərdə tutulur".

© copyright 2022 | tech.az | info@tech.az