Az | EN

Banklar Rusiyaya qarşı sanksiyanı sərtləşdirir

Nigar Sultanli
28 Fevral 2025 10:53
209 baxış
Banklar Rusiyaya qarşı sanksiyanı sərtləşdirir

Sberbank-ın rəhbəri German Qref Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyaların aradan qaldırılmasının real görünmədiyini, əksinə, onların daha da sərtləşəcəyini düşündüklərini bildirib. O, bankın fəaliyyətini bu ehtimallara uyğun planlaşdırdığını və sanksiyaların yumşaldılmasını gözləmədiklərini vurğulayıb.

"Biz hesab edirik ki, sanksiyalar qüvvədə qalacaq və daha da sərtləşəcək. Əgər hər hansı bir səbəbdən məhdudiyyətlər yüngülləşdirilərsə, bu bizim üçün xoş bir sürpriz olacaq" – deyə Qref bankın illik hesabat konfransında qeyd edib.

Qrefin sözlərinə görə, əgər sanksiyalar ləğv olunsa, Rusiya iqtisadiyyatı böyük fayda görərdi. Xarici investorların ölkəyə sərmayə qoyması, bank əməliyyatlarında xərclərin azalması və fond bazarının canlanması mümkün olardı. Lakin Sberbank bu ssenarini real hesab etmir və sanksiyalara qarşı müqavimət göstərmək üçün alternativ yollar axtarır.

O bildirib ki, əvvəllər bank rəhbərliyi sanksiyaların hər yeni mərhələsini diqqətlə izləyirdi, lakin indi buna əhəmiyyət vermirlər.

"Mən artıq yeni sanksiyaları saymıram. Əvvəllər biz bu məhdudiyyətlərin nəticələrini düşünərək narahat olurduq. İndi isə mənə ümumiyyətlə maraqlı deyil ki, hansısa qeyri-sağlam düşüncəli insanlar Rusiyaya qarşı yeni qadağalar irəli sürürlər" – deyə Qref bildirib.

O, həmçinin qərb şirkətlərinin Rusiya bazarını tərk etməsini şərh edib və bəzi hallarda bunun bank üçün üstünlük yaratdığını vurğulayıb. Məsələn, Apple şirkətinin Rusiyadan çıxması Sberbank-a biometrik ödəniş sistemini – "təbəssümlə ödəniş" funksiyasını inkişaf etdirmək imkanı verib.

"Biz artıq ödənişlər üçün xarici texnologiyalara ehtiyac duymuruq. Biometrik həllər sayəsində telefon və digər cihazlardan asılılığı azalda bilmişik" – deyə o əlavə edib.

24 fevral 2025-ci ildə Avropa İttifaqı Rusiyaya qarşı 16-cı sanksiya paketini elan edib. Bu tədbirlər çərçivəsində 13 Rusiya bankı 17 martdan etibarən SWIFT beynəlxalq banklararası ödəniş sistemindən çıxarılacaq. Siyahıya aşağıdakı banklar daxildir:

"UralSib", "Ak Bars", "Tочка", "Sinara", "Kuban-Kredit"

"PrimSotsBank", "Milli Ehtiyat Bankı", "BBR Bank"

"RNKO "Płatyojny Konstructor", "Sankt-Peterburq Ödəniş Mərkəzi"

"KuznetskBiznesBank", "Mir Biznes Bank", "MFK "Tочка Опоры""

Bu qərar Rusiyanın beynəlxalq maliyyə sistemindən daha da təcrid olunmasına səbəb olacaq və Rusiya banklarının xarici əməliyyatlarını çətinləşdirəcək.

Həmçinin, 2022-ci ilin aprelində Sberbank da Qərb sanksiyalarına məruz qalmış və nəticədə onun "Sberbank Online" mobil tətbiqi App Store və Google Play-dən silinmişdi.

© copyright 2022 | tech.az | info@tech.az