Amerikanın təyyarə istehsalçısı “Boeing” 2023-cü ildə təxminən 2 min işçini ixtisar etməyi planlaşdırır, bu barədə şirkətin baş kommunikasiya direktoru Mayk Fridman məlumat yayıb.
Onun sözlərinə görə, ixtisarlar ilk növbədə maliyyə və kadrlar şöbəsinə təsir edəcək. İşdən çıxarılan işçilərin öhdəliklərinin bir hissəsi Hindistanın “Tata Consulting Services” şirkətinə həvalə olunacaq.
Yanvarın 27-də “Boeing” 2023-cü ildə təxminən 10 min yeni işçi götürəcəyini qeyd etmişdi. Bu da keçən illə müqayisədə 40% azdır. Dünən xəbər verdiyimiz kimi, fevralın 6-da Amerikanın “Dell” kompüter şirkəti də ixtisarlar elan edib. “Bloomberg” yazır ki, korporasiya 6650 işçini (işçi heyətinin 5%-i) ixtisar etməyi düşünür. Həmçinin yanvar ayında “Microsoft” da rübün sonuna qədər 10 min işçini ixtisar edəcəyini açıqlayıb.