OpenAI tərəfindən hazırlanmış və son aylarda məşhur olan ChatGPT süni intellekt çatbotu İtaliya hakimiyyəti tərəfindən qadağan edilib.
Qadağanın istifadəçi məlumatlarının saxlanması ilə bağlı qanunvericiliyi pozduğu və istifadəçilərin yaşını yoxlamadığı üçün edildiyi bildirilir. Bu barədə İtaliya Məlumatların Mühafizəsi Təşkilatının verdiyi açıqlamada qeyd olunub.
Dərhal qüvvəyə minəcək qərarla OpenAI-ın italyan istifadəçilərinin məlumatlarının işlənməsi müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Digər tərəfdən, İtaliya məhkəmə sistemi platformanın fəaliyyətinin əsasını təşkil edən alqoritmləri “öyrətmək” məqsədi ilə şəxsi məlumatların kütləvi şəkildə toplanması və saxlanmasının qanunsuz olduğuna qərar verib.
Vurğulayaq ki, ChatGPT İtaliyada Avropa İttifaqının məlumatların qorunması qanununa cavab verənə qədər blokda qalacaq. OpenAI 20 gün ərzində tənzimləyicinin tələblərinə əməl etmək üçün görülən tədbirlər barədə məlumat verməlidir.