Cloudflare Replicate platformasını satın almaq barədə razılığa gəlib. Replicate proqram təminatlarına süni intellekt modellərini yerləşdirmək, işlətmək və idarə etmək imkanı verən bir platformadır.
Cloudflare bildirib ki, bu satınalma sayəsində istifadəçilər Replicate-in 50,000-dən çox süni intellekt modelindən ibarət kitabxanasına çıxış əldə edəcək və onu Cloudflare Workers AI platforması ilə inteqrasiya edə biləcəklər.
Replicate-in komandası Cloudflare-ə qoşulacaq və xüsusi süni intellekt modelləri və yerləşdirmə proseslərini dəstəkləyən yeni funksiyaların inkişafında iştirak edəcək.
Sadə desək, Replicate inkişaf etdiricilərə Sİ modellərini sınaqdan keçirmək, onları işə salmaq və layihələrinə inteqrasiya etmək üçün bulud əsaslı bir mühit təmin edən platformadır. Bu satınalma sayəsində Cloudflare istifadəçilərinə Sİ ilə işləməyi daha rahat və sürətli təqdim etməyi hədəfləyir. Platforma Fal AI-ın rəqibidir.
